SALAM OLSUN !!!
ZAUR USTAC SƏHİFƏSİNƏ XOŞ GƏLMİSİNİZ !!!
Zaur USTAC
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!
SİTAT
Tarixi yaşat ki, tarix də səni yaşatsın....
Zaur USTAC





Zaur USTAC

  Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  "QIZIL QƏLƏM" mükafatı laueratı, "Yazarlar"  jurnalının təsisçisi və baş redaktoru, 2019 - cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac "Günaydın"(Ağçiçəyim), "İstəməzdim şair olum, hələ mən", "Gülzar",  "Şehçiçəyim",  "Məhdud həyatın məchul düşüncələri",  "Mum kimi yumşalanda",  "Bayatılar",  "Balçiçəyim",  "Bərzəxdə",  "Gülünün şeirləri",  "Sevin ki, seviləsiz...",  "Qəlbimin açıqcası",  "Ustadnamə",  "Nişangah",  "Çəhrayı kitab",  "Zimistan" (1), "Ülyahəzrət" (2),  "45",  "Qədimliyə bürünmüş yenilik",   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş "Otuz ildir əldə qələm"  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış "Əliş və Anna" poemasının,  "Usubcan əfsanəsi", "Yaradanla baş-başa", "Qələmdar" (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş "Məktəbə hazırlaşırıq" adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş "Güllünün şeirləri" tədris  vəsaitinin, “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş "39 Həftə" - "39 Weeks" kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir.

ZAUR  USTAC  HAQQINDA  PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti...)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.
Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal - azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.
Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur...
Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda... Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur...
Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, - hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, - əzabını, məşəqqətini göz önünə gətirin... Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.
Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!
Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi... Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.
Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.
Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
 
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
 
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm... Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar... ALLAH QORUSUN!
QurbanBayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,
"Fədakar alim" ,"Elm fədaisi",
“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,
"SəmədVurğun mükafatı" laureatı,
1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü
28.04.2020
                                   
 
 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac "Qədimliyə bürünmüş yenilik" (şeirlər).

Qələndər Xaçınçaylı "Taclı şair" (Zaur Ustac haqqında).
 
Zaur Ustac "Qələmdar-2" (məqalələr).
  
MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

"TƏZADLAR" qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

"HƏFTƏ  İÇİ" qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.
 
"ƏDALƏT" qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

"KREDO" qəzeti N : 35  (1015)  01 oktyabr  2020-ci il. səh. 10.

"ƏDƏBİYYAT  QƏZETİ"  N : 46 (5274) 17 oktyabr  2020-ci il. səh. 29.

“YAZARLAR” jurnalı, yanvar - 2022,  say: 01 (13), s.4-10.




ELEKTRON  QAYDADA:
 
 
 
 
 
 
 
 
 
 
 
 

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

 



ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 
1. Hacıxanım AİDA    "ÖMRÜN ANLARI "  Bakı - 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    "OTUZ ŞEİR, OTUZ FİKİR "  Bakı - 2018. PDF: HXA-OTUZFİKİR
3.Kamal Camalov "Əliş və Anna haqqında" (Zaur Ustac haqqında), Bakı - 2019, 
4. Gülü "ZAUR  USTAC"        Bakı - 2020. PDF:
5. Qələndər Xaçınçaylı "TACLI  ŞAİR"   Bakı - 2020. PDF:
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021. PDF:
AYƏTXAN ZİYAD “ZAUR USTACIN UŞAQ DÜNYASI” KİTABI

 YAZARLAR.AZ    

     

"ZİYADAR"  MÜKAFATI  

 




 ZİYADAR – زییادار


Yeni kitabların nəşrinə görə "Yazarlar" jurnalı tərəfindən verilən mükafat.

Award of Azerbaijan for new books. From The "Yazarlar" Magazine.

 

  



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol