BAYATILAR
Zaur Ustac
BAYATILAR
Mən aşiq, Qızılgülə,
İstərəm üzün gülə,
Elə, şirin danış ki,
Dodaqda sözün gülə.
* * *
Əzizim gülə bülən,
Xoş, şirin dilə bülən,
O yara, can qurban et
Sevməyi bilə bilən.
* * *
Ay gülərüz nazənin,
Bu könül çoxdan sənin,
Heç, utanıb, çəkinmə
Qəti olsun sözlərin.
Həsrətəm o gecəyə,
O günə, o gecəyə,
Əridirəm günləri
Tez yetəm o gecəyə...
* * *
Mən aşiq gülə bəndəm,
Obama, elə bəndəm,
Dünya düşüb, gözümdən
Bir, şirin dilə bəndəm...
* * *
Mən aşiqəm, bu mehə,
Bu səhərə, bu şehə,
Dodaq istər, toxunsun
Quzeydəki o zehə...
Mən aşiq bu gecəyə.
Bu günə, bu gecəyə,
Günlər səfə düzüldü
Tez çata, o gecəyə...
* * *
Mən aşiq Şehçiçəyim,
“Gün aydın”! – Şehçiçəyim,
Sükut sənə yaraşmır.
Bir, dillən Şehçiçəyim...
* * *
Əzizinəm o günə,
O gecəyə, o günə,
Tanrıya qurban dedim,
Tez yetirə o günə...
Mən aşiqəm bu günə,
Bu işığa, bu Günə,
Bulud girib araya,
Ay həsrətdir Gününə...
* * *
Əzizinəm Gülxətmi,
Dərdə dərman, Gülxətmi,
Nə yazılıb Əlada?
Kaş biləydim bəxtimi?!
* * *
Mən aşiq od içində,
Hər yan sükut içində,
Bir hənirti bəklərəm,
Milyon səda içində...
Mən aşiq bu cəmala,
Bu hüsnə, bu cəmala,
Tanrım eyləsin aynan,
Həsrət qalmam cəmala...
* * *
Mən aşiq aydın olsun,
Gün doğsun, aydın olsun,
Mən yanım, məşəl kimi,
Hər günün aydın olsun!!!
* * *
Mən aşiq qönçə gülə,
Həm gözəl, incə gülə,
Mən düşdüyüm durumu
O gözəl, bircə bilə...
Mən aşiq Balçiçəyim,
Qəlbimdə xal çiçəyim,
Şəkər, nabat qəhətdi
Yet dada bal Çiçəyim!
* * *
Mən aşiq Balçiçəyim,
Əlçatmaz dal çiçəyim,
Mehlə gələrdi sədan
Olmusan lal Çiçəyim!
* * *
Mən aşiq Balçiçəyim,
Bağrı xal-xal çiçəyim,
Tanrıdan bir arzum var
Solma, şux qal, Çiçəyim!
Mən aşiq Balçiçəyim!
Ləçəyi al çiçəyim,
Bəd yellərdən uzaq ol
Daim ucal, Çiçəyim!
* * *
Əzizim bal çiçəkdi,
Qönçədi, tər çiçəkdi,
Düzü heç inanmazdım
Bunca çəkdirəcəkdi.
* * *
Mən aşiq Balçiçəyim,
Hərdəmxəyal çiçəyim,
Gəl, heç olma bədgüman
Cahu-cəlal çiçəyim!
Əzizinəm Balçiçək,
Çiçəyim ləçək-ləçək,
Ay üzün görsətsənə
Biz də bir bayram edək!
* * *
Mən aşiqəm Balçiçək,
Hər ləçəyi bir çiçək,
Tər tacının şəbnəmi
Dərdə dərman ver içək!
* * *
Mən aşiq Balçiçəyim,
Yanağı al çiçəyim,
Dərya düşüb araya
Yoxdu bir sal Çiçəyim!
Əzizinəm Balçiçək,
Gəl baxma, ürkək-ürkək,
Qismət öz əlindədir
İstə, Tanrı verəcək!
* * *
Əzizinəm Balçiçək,
Sağım çiçək, sol çiçək,
İstəmirəm heç birin
Tək sən mənim ol, Çiçək!
* * *
Mən aşiq Balçiçəkdə,
Min büyü hər ləçəkdə,
Divin canı şüşədə
Mənim canım, çiçəkdə
Əzizinəm Balçiçək,
Müşkü qoxar hər ləçək,
İzin ver ətrin alıb
Dünyadan rahat köçək.
* * *
Əzizim Balçiçəkdi,
Həm incə, həm incikdi,
Əsən yellər qarsıyıb
İndi yaman ürkəkdi.
* * *
Əzizinəm Balçiçək,
Nəfisdi, nəfis çiçək,
Tanrımın möcüzəsi
Görünməmiş bir gerçək!
Əzizinəm Balçiçək,
Mataf çiçək, bal çiçək,
Qulağıma düşən səs
Haçan olacaq gerçək?!
* * *
Əzizinəm Balçiçək,
Bağrıma xal düşəcək,
Sükutun əzab verir
Olmuşam bihal, Çiçək!
* * *
Əzizinəm Balçiçək,
Həm gözəlsən, həm göyçək
Deyirəm, nə olardı
Röyam olardı gerçək?!
Əzizinəm Balçiçək,
Dümağ çiçək, al çiçək,
Təzadlar üzdü məni
Gəl, canımı al, Çiçək!
* * *
Əzizinəm Balçiçək,
Şəkər çiçək, bal çiçək,
Bilirsən qulaq səsdə
Neçin oldun lal çiçək?!
* * *
Əzizim beləsinə,
Dolan gəl beləsinə,
Canı qurban edəsən
Yenə az, beləsinə.
Mən aşiq beləsinə,
Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.
Mən aşiq Nar bulağa,
Təşnəyəm, Nar bulağa,
Təmasdan dodaq yanar
Toxunsa Nar bulağa.
* * *
Mən aşiq, Nar bulağa,
Daş düşər, Nar bulağa,
Görən gözlər qan ağlar
Yaş düşər, Nar bulağa.
* * *
Mən aşiq Gül, özünə,
Bal dilə, bal sözünə,
Yatıram ki, röyada
Üz qoyam, gül üzünə.
Əzizim Şənbəgülü,
Dərmandı, Şənbə gülü,
Sabahın xeyir, Gülüm!
Bu özəl Şənbə gülü.
* * *
Mən aşiq Bazar gülü,
Görməsin azar gülü,
Hər gülün öz anlamı
İştə, bir yazar gülü.
* * *
Mən aşiq gül üzünə,
Ay oldun, Gün üzünə,
Hərdən niqabın qaldır
Qoy düşsün Gün üzünə
Mən aşiq gül üzünə,
Nisbət yox, gül üzünə,
Hərdən çıx yel tutana
Meh dəysin gül üzünə.
* * *
Mən aşiq gül üzünə,
Həsrətəm gül üzünə,
Gəl rəhm eylə aşiqə
Üz qoyum gül üzünə.
* * *
Əzizim dizin üstü,
Nə isti dizin üstü,
Baş qoysam dizin üstə
Arzumun olmaz üstü.
Mən aşiq güllər incə,
Nazın çək bircə-bircə,
Göz önündə, əl çatmaz
Halımı bilə bircə...
* * *
Mən aşiq gül üzünə,
Həsrətəm gül üzünə,
Ruhum rahatlıq tapar
Üz toxunsa üzünə...
* * *
Mən aşiq gülüz yara,
Xoş sima, gül üz yara,
Elə sehrə düşmüşəm
Sonu qalıb rüzgara...
Mən aşiq bu gecəyə,
Gecə bənzər gecəyə,
İstərəm tez yetişəm
Bənzərsiz o, gecəyə...
Məsaj
Bayatılar kərpic-kərpic
Qopub düşdü can evimdən.
Hər birisi bir namədi
Anındakı o, halimdən...
Rəssam: Şəhin Senayi Fərd.