ŞEİR - POEMA



USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun  nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020 – Bakı.

Müəllif: Zaur Ustac
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ



 

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

Müəllif: Zaur Ustac








BALACA REKLAMÇI
(İpək balaya)
Bir bala var, adı İpək,
Hələ körpə, hələ tülək,
Gül ağzından lümək-lümək,
Bal tökülür, qalır yemək,
Hər kəlməsi yağlı dürmək.
* * *
Bir bala var, adı İpək,
Teli qıvrım, dəyməz külək,
Söz boxçası ilmək-ilmək,
Muncuq kimi düzər İpək,
Vergül qəmzə, nöqtə gülmək.
* * *
Bir bala var, adı İpək,
Özü ipək, sözü ipək,
Reklam edir gözəl-göyçək,
Heyranı var Ustaclıtək,
Reklamçıdır bizim İpək.
12.09.2020. Bakı.

Müəllif: Zaur Ustac
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:








TORPAQ BİZİ GÖZLƏYİR…
(…komandirim İlqar  Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım  qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım  qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi  gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
Müəllif: Zaur Ustac


RƏZALƏT
“Dəvə gördün? – Heç qığın da görmədim!”
Bu kəlamı yaxşı deyib atalar.
Nəyinə lazımdı görəsən dəvə?
Buna görə səni minib çapalar!
*   *   *
Gördün ki, dava var, ordan uzaq get,
Yolun ortasında qoy qalsın meyit,
Oğurluq olubsa, ilim-ilim it,
Qoyma  səni, oğru bilib tapalar!
*   *   *
Ustac deməz bircə kəlmə boşuna,
Qardaş, namərd heç çıxmasın tuşuna,
Əvvəl idi, baş tutardın qoşuna,
İndi səni təzək edib yaparlar!
21.01.2020.(20:00)

<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
USTAC.AZ
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru





QOCALIQ
(Ustacı)
Zaur, qocalırsan gəl al boynuna,
Artıq, uşaq-muşaq girir qoluna,
Utanma, ayıbmı insan oğluna?
Rahat ol, yaşlanmaq mütləq ucalıq.
*   *   *
Ustacsan, tacını almısan artıq,
Samandan yükün var, tavan da yırtıq,
Ta saçın seyrəlib, ovurd da batıq,
Ağlın yerindədir, uzaq bicalıq,
Cahili qorxudar, ancaq qocalıq!
19.01.2020 (18:35) Bakı.

<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
USTAC.AZ
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



 

 

KƏLƏKBAZIN TORUNA TAMAHKAR DÜŞƏR!

(Ustacı)

Zamanın xəlbirində, ələnir arzu-istək.

Amansız dedikləri, dünyamız safdı mis tək.

Uğuru, bizim uğur, uğrsuz, olur nəs tək.

Razı qalmayıb kimsə, hey zamana günahkar!

* * *

Uşaqların beynini, yuyur ata, anası.

Sabahları kor olur, sındırılır aynası.

Tale, qismət adıyla, göydə uçur sonası.

Arzu qanadlarında, gəzir xəta xətakar,

Cüvəllağı toruna, düşür sonda tamahkar!

15.01.2019. (22:44) Bakı ş.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ










 

CAHİLİN BƏXTİ OLMAZ
(Ustacı)
Zalımın zülmü qalar,  məzlumun ahı keçər.
Ariflər bulağından, arif olan su içər.
Urvatsıza ha söylə, özü bildiyin seçər.
Rəşid olan üzərmi, incidərmi bir kəsi!?
*   *   *
Ustac nə söyləyirsə, yazın daşa, qayaya.
Sabahın övladları, möhtac olmasın  Aya.
Taleyindən küsənlər, bəxtsiz gəlib dünyaya!?
Allah faili-muxtar, yaradıbdı  hər  kəsi,
Cahilin bəxti olmaz, şans da gəzər ər kəsi!
13.01.2020. (15:54) Bakı ş.
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
USTAC.AZ
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru










 

HEÇ NƏ DƏYİŞƏN DEYİL
(Ustacı)
Zaman, zaman dediyin, ömürdür, axıb gedir.
Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.
Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.
Rahat yaşa özünçün , heç nə dəyişən deyil!
 *   *   *
Uslu-uslu dünyanı, gərək arasın adam.
Sakit-sakit dövranı, gərək darasın adam.
Tələsməyib, gözləsin, gərək sonrasın adam.
Aradan çox  az keçər, görərsən bu, o deyil,
Cəhd eləmə boş yerə, heç nə dəyişən deyil!
13.01.2020. Bakı ş. (16:16)
Müəllif: Zaur Ustac 
USTAC.AZ
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 


EVCİK-EVCİK OYUNU
        Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
        İndi daha böyüklər oynayır evcik-evcik…

Yadımda, uşaq vaxtı evcik-evcik oynardıq,
Boyunbağı, gah təsbeh, hərdən muncuq olardıq,
Xəzəl pulla bazardan sucuq-mucuq alardıq,
Heç indiki uşaqlar oynamır evcik-evcik,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
*    *    *
Ata, ana olardıq, heç kim uşaq olmazdı,
Taxıl biçib, yığardıq, yerdə başaq qalmazdı,
Milis-milis olanda kimsə  duşaq vurmazdı,
Baxıram uşaqlara, ruhları çilik-çilik,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
*    *    *
Hakim-hakim olanda, dustaq olmurdu, heç kim,
“Məllim-məllim” olanda şagird olmurdu, heç kim,
Kıx-kıx vaxtı gələndə, düşmən olmurdu, heç kim,
Eyni səfi tutardıq, durardıq, muncuq-muncuq,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
*    *    *
Arzular konsertinə hər gün bilet alardıq,
Nə vaxt, necə istəsək, vəzir, padşah olardıq,
Kimi hara istəsə vəzifəyə qoyardıq,
Səksənərdik yuxuda, dodaqlar uçuq-uçuq,
Qışın oğlan çağında bülbüllər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik...
*    *    *
Uşaq oynamır deyə böyüklər girib bəhsə,
Biri çıxır dam üstə, biri girir qəfəsə,
Yazı, yayı, payızı hamı nəfəs-nəfəsə,
Boyunlar yoğunayıb, əllərsə sucuq-sucuq,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
*    *    *
Padşah-padşah oyunu dəb düşüb indi yaman,
Yekələrin hamısı istəyir olsun  əyyan,
Sobaçı da olan var,  odunçuya yox güman,
Cin gəzirlər odunu daşısın qucaq-qucaq,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
*    *    *
Yaxşı ki,  İvan dayı səsin çıxartmır hələ,
Həyətində  böyüklər  oynayırlar əl-ələ,
“Məhlədə” başqa qonşu onları sevmir belə,
Ustac da  od daşıyır onlara sıcaq-sıcaq,
Qışın oğlan çağında bülbülər ötür, cik-cik,
İndi daha böyüklər oynayır evcik-evcik…
01.01.2020 (03:23 – 14’) Ümid qəsəbəsi.
Müəllif: Zaur Ustac 
USTAC.AZ
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru






 

DƏYSİN
(Qoca şairə)
Nəsə xoşlamıram lovğa adamı
Mənsəbi, titulu başına dəysin.
Kölgəsi olmayan qoca ağacın
Baltası fırlanıb yaşına dəysin.
* * *
Deyirlər arifdi, yəqin anladı,
Zaman-zaman yerli-yersiz banladı,
Nəhayətdə “xozeyin”-i yağladı,
Topuğu atlanıb daşına dəysin.
* * *
Ustacam, dilimdə Haqq sözü tütər,
Bülbül azadəsə, şur ilə ötər,
Vecsizin yediyi qoza da itər,
Qoy gözü boylanıb qaşına dəysin.
15.12.2019.
Müəllif: Zaur Ustac – زائـــور اوستاج


USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

 







 

SAYƏNDƏ AYSEL
(Şairə xanım Aysel Səfərliyə ad günü hədiyyəsi)
Aydan işıq alıb, nur verdin Günə,
Bu gün məşhur olub, sayəndə Aysel.
Nə yaxşı doğuldun, yaxşı ki, varsan,
Söz şöhrət qazanıb, sayəndə Aysel.
*    *    *
Gözəllik meyyarı aciz nisbətdə,
Zər – ziba əyyarı məcaz, nisbətdə,
Hüsnün zəvvarına Hicaz, nisbətdə,
Nisbətlər yox olub, sayəndə Aysel.
*    *    *
Ustac saf diləkli Allah elçisi,
Zühur eləyəndən boşdu nimçəsi,
Gəldiyi kimi də burdan köçəsi,
Ruhu dinclik tapıb, sayəndə Aysel.

13.12.2019. (10:19- 19’) Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.







 

ƏLİFBAM 
(Nəğmə)
A, Be, Ce, Çe, De, E, Ə
Nə gözəl yaraşır
Şirin dilimə.
Fe, Ge, Ğe, He, Xe, I, İ
Bəzəyir, sevdirir
Şirin dilimi.
Je,Ke,Qe, eL, eM, eN, O
Az qaldı unudum
Ka da var baho.
NƏQARƏT:
Ka da çox vacibdir
Bilməli hamı.
Kartofu yeməyi
Sevirik axı.
Ö-sü var, Pe-si var, eR-i var bunun,
Se-si var, Şe-si var, Te-si var bunun.
U-su var, Ü-sü var, Ve-si var bunun,
Sonunda, Ye-si var, Ze-si var bunun.

10.12.2019. (9:00 -10′) Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.






CƏZA YERİ

Dünya malı, bu dünyada qalandı,

Süleymanın hekayətin sal yada.

Kimi qurdu, kimlər çapdı, taladı

Elə qazan, elə ye ki, bal dada.

* * *

Canfəşanlıq, fitnə-fəsad faydasız,

Tamahkarlıq, hiylə, büsat faydasız,

Riyakarlıq, qorxu, həsəd faydasız,

Şirindil ol, yeri gəlsə, al “qada”.

* * *

Ustac desin, bircə kəlmə, dinlə sən,

Adəm bura niyə gəldi, biləsən,

Həmən yerdi– cəza yeri, anla sən,

Rəvamıdır, verə ömrü, mal bada!?

16.11.2019. (19:06)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ






ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq...)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.
Müəllif: 
 Zaur Ustac

 

 



RƏİSİ - MƏSTAN...

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

Dəvə qoca, fil ahıl, meydan qalıb məstana,

Sultan sayır özünü, "Luna park"-da ostana,

Anlamır ki, oyuq tək, dikilibdi bostana...

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Nə boyda olursan ol, pişiklik qanda qalıb,

Şir dərisi geysən də, düşüklük canda qalıb,

Səninki züy tutmaqdı, aşıqlıq donda qalıb,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Nə qədər istəyirsən, əsib, coşa bilərsən,

Bu ağac sizin meydan, çıxıb, düşə bilərsən,

İstəsən bığ əkdirib, burub, eşə bilərsən,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Qara kəlin buynuzu görünəndə gec olar,

Motal, pota canını tara dartmaq güc olar,

Deyirlər ki, pişiyin lap yekəsi gic olar,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

* * *

Ha gec, ha güc o gün var, dırmanassan ağaca,

Budaqdan mədət umub, yalvarassan ağaca,

Bəlkə yetə bilməyib, boylanassan ağaca,

Ay rəisi-məstanım, kim nə deyər adına?

Qısqı bərk gələn kimi, peşən düşər yadına…

21.06.2019. Bakı. (18:18)
 
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.







NADANLIQ



Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu...

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu...

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın...
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür...
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür...
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik...
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik...
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb...
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb...
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar...
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar...
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir...
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir...
03.11.2018. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.

 
 


"ŞEYTAN GİRİYƏ TUTUB" BİZLƏRİ

“Şəhər fiziki yaxınlığın mənəvi uzaqlığıdır, 
Hamı doluşub bir avtobusa, hamı bir-birinə yaddır...”
Esad Cahangir

Soruşursan;
bunlar kimdir, nədir belə???
Bunlar havadan asılı,
Salafan torbadı, Qardaş...
Bunlar ayağa ilişən,
Plastik qablardı, Qardaş...
Daha dəqiq deyim Sənə,
Əgər, bir az yuxarıdan baxa bilsək özümüzə,
Boz çöllərdə, yayın günü
Yuvasıyla yem arası cığırında
Hey şütüyən qarışqadan fərqimiz yox...
O qarışqa;
Yüz qat bizdən şərəflidir...
Min qat bizdən dəyərlidir...
Onlar bizdən təbiidir...
Onlar bizdən səmimidir...
Öz yoluyla gedib-gəlir,
Mərdimazar olmayınca...
Uşaq vaxtı bəyənməzdim “gölə qələmsancan”-ları,
Yolda “oyun pozan” –ları,
Yazıq işçi qarışqanın;
Əppəyini əzənləri...
Cığırını pozanları...
Həp idəşib, dalaşardıq;
Qarışqaların üstündə...
İt arısı şanı tapıb, atardım kürəklərinə...
Heç ruhum da inciməzdi...
Günahdan uzaq qalardım...
Eşitmişdim belələrin;
Anaları qarğıyırdı səhər-axşam:
- “Dalıyın arası yansın”,
“Odlanasan”, mənim balam...
“İtdən olan”,
“Köpəkoğlu”, mənim bəlam...
Nəyi qoyub, hara getdik?
Dərd bir mi, iki mi, Qardaş???
Plasmaslara bürünmüş,
Möhkəm izalə edilmiş,
Dəmir qutu elementi olmuşuq biz…
Qarışqanın;
Yuvasıyla, 
Yem arası cığırlarda qaldığı tək,
Daş qutular arasında,
Dəmir qutular içində,
Tor barama qurmuşuq biz…
Kələfin də ucu itib,
Əyrilmişik,
Üyülmüşük,
Çoxdan suyu süzülmüşük,
Qaxacımız çıxıb bizim…
Ayaq üstə ölmüşük biz...
Heç sevmirəm;
Qara yolda, 
Bu qırmızı “ka-bus”-ları...
Qələm sancmaq istəyirəm,
Onların üzdüyü gölə...
Hə Qardaşım;
Daş qutular arasında,
Dəmir qutular içində bitir zaman...
Adəmdən əsər qalmayıb, itir insan...
Daş qutular bir məhbəsdir;
Çoxu da cəhənnəm deyir...
Xaraba deyənlər də var...
Dəmir qutu;
Uçan xalça,
Cinli lampa,
Sirli torba...
Bəy otağı,
Bəzən də cəllad kötüyü...
Kimə necə sərf eləyir,
Kiminə “Sirat körpüsü”,
Kimə cənnətin özüdü...
Neçə-neçə Ata sözü,
Anaların nəsihəti,
Həyat bulur bu qutuda;
Nə qədər körpü qurulur,
Ev yıxılır bu qutuda...
Bu qutular dünyamızdan alıb bizi,
Canımızdan ayrı qoyub,
Ruhumuzu perik salıb,
Tikan üstdə qouyb bizi...
Taqqataqlı, guppaguplu dəmir qutu,
Təmtaraqlı, saray kimi;
Zırhazırlı, ax-vay dolu,
Daş qutular yorub bizi...
Aldanmışıq;
Nəfsimizə qul olmuşuq,
Yaradanın dərgahından qovulmuşuq...
Tanrı unudub bizləri...
Şeytan tutubdu giriyə,
İtibdi Haqqın izləri...
02.10.2018. Bakı. (14:29 – 39’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.

 
 




ÇAĞDAŞ  QARDAŞIM


(Əsəd Cahangirə)


Müsahib hər zaman olmur mütalib,

Habili qardaşı öldüdü, qardaş...

Mümkünmü,  çağınla olasan çağdaş,

Həzrəti İsanı kim satdı, qardaş???



*        *        *

Qərbdə yandırıblar, Şərqdə asıblar,

Cənubda, Şimalda  dilin kəsiblər,

Yeni söz deyənlər, həp qan qusublar,

Pərvanə yananda xoşbəxtdi, qardaş...

*        *        *

Vüsalı şam olan  pərvanələrin,

Zamanı səhv düşən dürdanələrin,

Ağıldan tac geyən divanələrin,

Zamanı, məkanı bəllidi, qardaş...



*        *        *

Yusifi quyuya saldı  qardaşlar,

Rəsuli - Əkrəmə (s.o.) atıldı  daşlar,

Nə qarın, nə zaman, nə də nə “daşlar”,

Heç zaman yandaşı sevmədi, qardaş...

*        *        *



Nəimi namını söküb aldılar,

Nəsimi Haqqını soyub aldılar,

Dahilər hər zaman tənha qaldılar,

Söylə, bunun hansı yalandı, qardaş???

*        *        *

Fərqli düşündülər, geydilər onlar,

Ancaq yaşamaqçün yedilər onlar,

“Zəmanə adamı” olmadı onlar,

Çoxunun taleyi eynidi, qardaş...

*        *        *

Müasir dediyin, sirdi, kələfdi,

Fərqli düşünənin sonu tələfdi,

Ustacın diləyi, Tanrıdan əfvdi:

- Özü bağışlasın çağdaşı, qardaş...

02.09.2018.(09:39-39’) Bakı.


Müəllif : Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.



SƏHVLƏRİMİZ

Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi...
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi...
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir...
Səhvi səhv üstünə yığdıq hər zaman...
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan...
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu...
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi...)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha...
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha...
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir - bərəkət də çəkilib ərşə...
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə...
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi...
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi...
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar...
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar...
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır...
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır...
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz...
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz...

07.08.2018. Bakı.


Müəllif: Zaur Ustac

.© Zaur USTAC,2018. Bakı.



OLACAQ... 

(...sözünüz ağzınızda qalmasın...)

Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq...
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq...
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq...
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq...
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq...”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq...
05.04.2018. Bakı. ( 15:49 - 9’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.



BİLSİN...



Mən dünyaya pis demərəm,
Kim nə deyir özü bilsin...
Dünya sənsən, dünya mənəm,
Aşuqqalar* düzü bilsin....
* * *
Kəkələmə, kəlmə üstə,
Kimi altda, kmi üstə,
“Ot da bitər kökü üstə”,
Söz deyənlər sözü bilsin...
* * *
Seçə bilmir sazla sözü,
Ayırammır odla közü,
Qarışdırıb suyla buzu,
İz sürənlər izi bilsin...

* * *
Hərə gəzir bir bəhanə,
Bu dünyanın “günahı” nə?
Çoxu bilmir heç kahı nə,
Deyir, bunu qazı bilsin....
* * *
Ustac dəyər verər sözə,
Gücü salmaz heç vaxt dizə,
Dünyadan nə gəlsə bizə,
Arar bizi, bizi bilsin...

25.03.2017. Bakı. (16.00. 15’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2017. Bakı.

 
 
=========================================================================

=========================================================================



Zaur Ustac
“ƏLİŞ VƏ ANNA
(Poema)
 
 
Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır. 
 
 
 

                                                                           
 
                                                                       07.06.2018. (19:00)  Bakı.
                          ŞÜKRANLIQ
Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.
And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonağam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə...
 
 
                                 TÖVHİD
Uca Yaradanın tək olduğuna,
Nə badə qəlbində şübhə oyana.
Çün, əgər olsaydı xilaf qeyrisi,
Bunu anlayardı mütləq birisi.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir, tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”- a bağlısa, onda nə kədər...
Həmd olsun Allaha, tanırıq onu,
Hər kəlmə başında anırıq onu.
Təkdir ehtiyacsız, biz ona bağlı,
Bunca dərk eyləyər, insanın ağlı...
 
 
 
 
                                      ƏDL
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb, elə paylayıb,
Hamı qismətindən çox razı qalıb.
Duyuram içini şübhə gəmirir,
Xəyalın hardasa narazı gəzir.
Gəl, tamam  səmimi olaq bu ara,
Ağlından razıdır hər bir avara.
Ağlı elə bölüb, verib Yaradan,
Heç kim öz ağlından deyil bədgüman.
İlahi hikmətin qüdrətinə bax,
Ağıldan kəmlər də deyilmiş axmaq.
Arif işarədən anlar hikməti,
Heç kim bu xüsusda yeməz möhnəti...
                            
                                      NÜBÜVƏT
Salam olsun Sənə, ey “Haqqın səsi”,
Cəlal sahibinin seçkin bəndəsi.
Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,
Bütün kainatın son əfəndisi.
Haqqın yer üzünə müjdəsi, andı,
Haqqın yer üzündə qoşa qanadı.
Salam olsun Sənə, kitab sahibi.
Salam olsun, Sənə sonuncu nəbi.
“Qurani –Kərimi” bizə gətirən,
Haqqın kəlamını bizə yetirən,
Xatəmül-Ənbiya hökm edibdi Haqq,
Höküm sahibinə məxsus höküm, haqq.
Salam yer üzünün işığı, nuru,
Ey höküm sahibi, bu nuru qoru.
                            
                                     İMAMƏT
Nübüvət odundan nur alan işıq,
Atadan, babadan belə duymuşuq.
Rəsulun dizinin dibindən çıxan,
Çeşmədir heç kimə gəlməyib ziyan...
Nümunə olubdur cümlə cahana,
Əlbətdə, aiddir arif olana.
İmamət cığırdır Haqqa aparır,
Əlbət, qaynağını Haqqımdan alır.
Dəmiri dəmirçi oğlu bilən tək,
Bu elmi ən doğru yoldan öyrənək...
İstəməm bu yolda çaşqınlıq ola,
İncəcik bir fidan nahaqdan sola.
Elmin şəhərinin təkdir qapısı,
Bu işin belədir təməl, yapısı...
Salam olsun Sənə ey Əhli-beyt,
Allahım bu yolu daha rəvan et...
                                   
                                      MƏAD      
Müəllim verdiyi dərsi soran tək,
Əlbətdə, imtahan günü gələcək.
Sanma, kainatın yoxdu sahibi,
Boşuna gəlməyib bu qədər nəbi...
Hələki dəvət var, açıqdır qapın,
Dərk eylə dünyanı, Allaha tapın.
Həqiqi elmdən bir damla dadan,
Heç zaman dönməyib, bu doğru yoldan.
Bu yolun mənsəbi, elə mənbəyi,
Burda kəsilibdir elmin göbəyi...
Haqq ilə batilin mayası eyni,
İkiyə bölünmüş bir yolun sonu...
Qəzavü-qədəri qılma bəhanə,
Faili-muxtar tək gəldin cəhanə...
 
 
                                      NAMAZ
Namaz fərz əməldir,  bizə faydalı,
Dəstəmaz vacibdir, mütləq olmalı.
Namaz bənzədilib evmizdə çaya,
Gərəkdir beş kərə girək bu suya...
Ruhumuz arınsın, pak olsun bədən,
Təkbirdə əlləri asmayaq göydən.
Qüsulu, abdəsti, tam əməlləri,
Mat qoyub dünyada tüm alimləri.
Heç nə əksik deyil, yox bircə artıq,
Namazdan həyatın dərsin alırıq.
İmkan et, xərcləmə boşa zamanı,
Həyat elə zaman, zamanın anı.
Çalış ki, ötürmə bircə azanı.
Ac qoyma nə ruhu, nə də əzanı...
 
 
                                           ORUC
Oruc bir əmrdir, Haqqu – Təaladan
İnsanı qoruyar, min cür bəladan.
Elə ki, yetişdi Şahi – Ramazan,
Gərəkdir nəfsini duşaqlayasan...
Cismini, ruhunu səfərbər eylə,
 Ağzını, gözünü pəhrizkar eylə...
Dilindən çıxmasın fitnə, ya küfür,
Çevrəni sarısın xoş niyyət, zikir...
 
 
                                      ZƏKAT
Əgər istəyirsən ruzi - bərəkət,
Gərəkdir vaxtında verilə zəkat..
Bilirəm, burada qaçdı dodağın,
Düşündün ki, şair çıxartdı ağın...
Ancaq, tam səmimi, gəl, mənə inan,
Kimsəyə fayda yox zəkatsız maldan...
Sən verdin, vermədin çıxacaq o mal,
ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL...
 
 
                                         XÜMS
Zəkatla malını qoruyan insan,
Xümslə canını qorumalısan.
Zəkat mala paklıq gətirdiyi tək,
Xüms də canını hifz eyləyəcək...
Sonra loğman, təbib gəzməsin deyə,
LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ...
 
 
 
                                        HƏCC
Haçansa ibrətə duysan ehtiyac,
İlahi əmr var – yolun olsun hac...
Dünyanın mərkəzin ziyarət eylə,
Könül sarayını imarət eylə.
Zəm-zəm çeşməsində yuyulsun üzün,
MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN...
 
 
                                        CİHAD
Cihad bizimlədir dandan qüruba,
Çoxunun dilində bitibdi “toba”.
Yaradan dərs verər insan oğluna,
Min rəhmət diləyək Ağaoğluna...
Ruhu neçə kərə olub qonağı,
Edim, etməyimlə dolub  otağı...
Bu bir nümunədi, hamımız belə,
Cihad qadağadır, nəfsə, dilə...
Cihad eşidən tək, qavğa düşünən,
CİHADDA ÖZÜNLƏ DÖYÜŞMƏLİSƏN...
 
 
                                    ƏMR-BƏ-MƏRUF
Şükür Yaradana, Sən hikmətə bax,
Xeyir əməllərə daim tut çıraq.
Vacib buyurulub hər müsəlmana,
Gərəkdir xeyirə vəsilə ola.
Yaxşılıq əlindən gəlmirsə əgər,
Pislik də eləmə, başına gələr...
Fəqət, bu vacibdir, gərək biləsən,
Xeyirə çağırıb, dəvət edəsən.
Bu vacib əməldir, gərəkdir bilək,
Xeyirə çağıraq, xeyir öyrədək...
 
                                NƏHY-ƏZ-MÜNKƏR
Vicdanın yerini əzada gəzən,
Haqqa inananın ümidin üzən,
Bu vacib əməli unutma heç vaxt,
Əbədi deyildir, heç bir tacü – taxt...
Özünü müsəlman tanıdan kəsin,
Gərəkdir yanında pislik olmasın.
Pis işdən çəkinsin, həm çəkindirsin,
Bunu bilən yoxsa, qoy belə bilsin...
Yoldan ötəni də qoruyun şərdən,
Özünüz haqda da düşünün hərdən...
 
                                      TƏVƏLLİ
Allahın dostları dostun olmalı,
İlk əvvəl Allahın dostların tanı.
Cəlal sahibinə şərik qoşmayan,
Nəbiyə, İmama şəksiz inanan,
Müslimi müslimin qardaşı bilən,
Mübarək İslamın yoluyla gedən...
Oturub –durduğun olsa bu şəxslər,
Kimsəyə toxunmaz səndən bir xətər.
Çevrəndə dostların dinsə elmdən,
Hər dəm dürr tökülsə əgər dilindən,
Nə xoş halımıza, bəxtəvərik biz,
Allahın dostların dost seçərik biz...
                                         TƏBƏRRİ
Cəlal sahibinə şərik qoşanlar,
Onun dostlarına pis yanaşanlar,
Əndazəni pozub, həddin aşanlar,
Yersiz körüklənib, coşub daşanlar,
Belə adamlardan uzaq dolan, gəz,
Hədsizdən kimsəyə bir xeyir gəlməz...
Bu Haqqın əmridir, qarşı gəlmərik,
Allahın düşmənin düşmən bilərik...
 
 
                                      MÜNACAT
Şükürdən güc alıb sözüm, söhbətim,
Səndən gizli deyil, şəksiz niyyətim.
Qəlblərdə olanı görüb, bilənsən,
Kimə nə lazımdı onu verənsən.
Yazar, ancaq yazar demişəm hər dəm,
Əgər söz sahibi eyləsə hərdəm.
Qələmə and içən uca Yaradan,
Münacata çıxıb bu qələmtutan...
Əllərim göydədir, dilim duada,
Dua eyləyirəm qohuma, yada...
Şamaxı torpağı qədimdən qədim,
Xaqanisi mənim, Nəsimi mənim...
Başqa bir dühanı gəzirəm burda,
Tarixin kələfin çözürəm burda...
Üstündə durduğum bu köhnə körpü,
Yüz illər əvvələ atacaq törpü...
Yazda da gəlmişəm, qışda da bura,
İçimdə bir ocaq möhtacdır qora.
Hər şey çin-çin durub ruhun rəfində,
Kəlmələr sıraya durub dilimdə...
Bir türlü “Bismillah” edə bilmirəm,
Yeddi yüz əqdəmə gedə bilmirəm...
Ruhuma qanad ver Adil Allahım,
Bir kərə o günə gedim qayıdım...
Bu köhnə körpünün daşı danışsın,
Otların qurusu, yaşı danışsın.
Düz yeddi əsrdir şahidlik edən,
Bu körpü bir namə versin himindən...
Ey bütün gizlindən agah Allahım,
Dağları, daşları yandırıb ahım.
Xeyirə yozulu  nişan ver mənə,
Şübhəsiz bəllidir hamısı Sənə...
Nə, harda, kimindir tək bilən Sənsən...
Kimə nə lazımdır onu verənsən...
 
 
 
 
                                  ÜSULİ-İLTİMAS
Səndən istəmirəm nə şöhrət, nə şan.
Səndən istəmirəm beş günlük ad-san.
Var dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim...
Niyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq...
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir...
Nurundan ruhuma çilə bir mərrə,
İynənin yıldızı olsun pəncərə.
Zərindən zərrəcik düşsün qəlbimə,
Aydınlıq, fərahlıq versin əqlimə.
Ərmək istəyirəm, həmin günlərə,
Varmaq istəyirəm, uzaq dünlərə...
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq...
 
                                DƏDƏM QORQUD
Sinəmdə Qopuzum yoxdu, neyləyim,
Simlərə toxunub, mədət umardım...
Dədəm Qorqud ruhu, kömək ol mənə,
Qopuzun namına, Sazın xətrinə...
Bir xışma torpağın, daşın xətrinə,
Yanmayan qurunun, yaşın xətrinə...
Ərlərə ad verib, san saylamısan,
Boylara yol verib, boy boylamısan...
Kamanın xətrinə, oxun xətrinə,
Əslində var olan yoxun xətrinə,
Bir ümid çırağı yandır bu axşam,
Mələklər bilir ki, xeyli bihuşam...
Bilirəm o yolçu obandan keçib,
Bəlkə məzarbaşı qonağın olub...
Bilirəm, söhbətin olub onula,
Nəyi bölüşmüsüz, bölüş mənimlə...
 
 
                         ŞAH İSMAYILA RƏHMƏT
Ruhuna min rəhmət Şeyx oğlu Şahım...
Sinəmi dağlayır köksümdə ahım...
Nə qədər çəksək də əzab, əziyyət,
Sözsüz, bir gün doğar, Şəmsi – fəzilət.
Param-parça olub Türkmən elləri,
Min şükür yaşayır yenə dilləri...
Hər dəfə rəhmətlə anırıq Sizi,
Duyduqca şipşirin öz dilimizi...
Qurduğun səltənət bu gün də yaşar,
Könül əngəl bilməz, sərhədi aşar...
Kərkükdə bir əsgər qardaş deyirsə,
Pakistan paşası sirdaş deyirsə,
Bunun təməlində sənin əlin var,
Ariflər adını rəhmətlə anar...
 
 
                                 ƏCDADI ANMAQ
Ustaclıyam, əlim ərşi-əlada,
Bu nə sitəm, millətim nə bəlada!?
Ta Şamdan, Sivasa oylağım olub,
Qaradağ, Qarabağ oymağım olub…
Araza heç məhəl qoymayıb onlar,
Ərdəbil, İrəvan yol sürüb onlar…
Qarqarın yatağı olub yurd yeri,
Əcdadın otağı olub qurd yeri…
Qutlu əcdadların övladıyıq biz,
Dünyanın dörd yanı olub evimiz…
İndi yurd yerinin daşı ağlayır…
Gözsüz qurd pirimin başı ağlayır…
Ey qutlu əcdadın qutlu övladı,
Gərək qoruyasan bu şanlı adı…
 
 
 
 
                                    HÜRRİYYƏT
Min şükür hürriyyət ocağımız var,
Kölgəlik bir fidan ağacımız var...
Ey uca Yaradan Sən qoru bizi,
Daim, qaim eylə hürr elimizi.
Binə çadırları daş otaq eylə,
Özün bu ulusu min budaq eylə...
Nə qədər xalqlar var yox bir mətəsi,
Çoxunun dili yox kəlmə ötəsi...
Bizim söykənəcək dayağımız var,
Hələ yol alacaq oylağımız var...
 
 
                              NƏSİMİNİ ANMAQ
Gəzdikcə şəhəri məst olur insan,
Hər tində, döngədə duyğulanırsan...
Adi mamırlı daş, ya paslı dəmir,
Ruhunu dincəldən bir ümid verir.
Bu şəhrin  havasın udub Nəsimi,
Mütləq bu məsciddə olub Nəsimi...
Bu daşı, divarı görüb gözləri,
Yəqin o gümbəzə hopub sözləri...
Ruhuna min rəhmət, ya Seyyid Əli,
Yol açdın Ustaca, olmadı dəli...
 
Bu Cümə Məscidi qədimdən qədim,
Kitabı yazılı, söyləyir elm...
On iki yüz illik qoyub arxada,
Kimlər gəlib-keçib hamı ortada...
 
 
                                   ƏHLİ-QƏLƏM 
Şairlər şəhəri, təbiblər eli,
Yurda çıraq tutan ülama əli...
Nə qədər alimi, sənətkarı var,
Şamaxı həmişə olub ziyadar...
Əfzələddin Xaqanisi bir düha,
İmadəddin Nəsimidən yox daha,
Seyid Əzim Şirvanidir, tək ancaq,
Kim nə bilir, bir də Sabir olacaq?
Abbas Səhət, ya da Hadi bu yerdə,
Könüllərin fatehidir zirvədə...
 
 
                                    QİSSEYİ-KİTAB
Görklü Nəbi Xatəminin (s.o) eşqinə,
Əhli-beyt, Dədəm Qorqud eşqinə,
Şah İsmayıl Xətainin eşqinə,
Azadlığın, Nəsiminin eşqinə,
 
Bu torpağın, üləmanın eşqinə,
Sazın – sözün, qələm – kağız eşqinə,
Yaradanım cığır açdı, yol açdı,
Arzu tutan qönçələrim gül açdı.
Mehriban Allahın Əziz adıyla,
Söhbətə başladım söz muradıyla.
Doqquz mərtəbəsi var bu söhbətin,
Əzəldən bilinə gərək niyyətin.
Nə qədər dəqiqsə arzu və istək,
Həyata o qədər asan keçəcək.
Bir həyat başlayıb, bitirəcəyik...
Dünyaya bir ibrət göstərəcəyik...
 
                               BİRİNCİ FƏSİL
                                FƏSLİ BAHAR
 
Miladın 1322 – siydi.
Bahar bayramından bir ay keçirdı.
Bir uşaq doğuldu Sübh azanıyla,
Hamı axışırdı göz aydınlığa.
Atası Sübhanın kefi kök idi.
Uşaq nur topu tək bir oğlan idi.
Əli kömək olsun etdilər alqış,
Atası adını söylədi Əliş.
 
Azan, İqaməsi söyləndi bir-bir,
Əli kömək olsun, adın Əlişdir.
Əlişin adına kəsildi qurban.
Qamu təncərəyə düşdü bu paydan.
Sübhanın yuxusu çin olmuşdu, çin.
Pay-ürüş paylandı hər qapı üçün.
Hamı dua etdi körpə balaya,
Dualar da yetdi Haqqu-Talaya.
Günlər bir-birini əvəz eylədi.
Əliş də böyüdü, pərvaz eylədi.
Dərsi-təlimini kamal eylədi.
Məntiqdə, hesabda birinci idi.
İslamı, ürfanı tamam-kamaldı.
Onu düşündürən bircə amaldı.
Qurub yaratmaqdı əzmi, amalı.
Məqsədi bir idi, memar olmalı.
Qəlbində niyyəti, dilində Allah,
Amalı yolunda etdi Bismillah.
Təbrizi, İraqı gəzdi, dolandı.
Dəməşqdə, Bağdadda ad-san qazandı.
Ömür vəfa etdi, döndü Vətənə.
Yaradan heç kimi salmaz çətinə.
Baharda doğuldu, yaz tək yaşadı.
Uğur onun dostu, yol yoldaşıydı.
 
Dünyanın dörd yanı namını duydu.
Əliş Kərəmliydi, Sübhanoğluydu.
Dövrünün ətrafda tək memarıydı.
Xəbəri Şimalda Knyaz da aldı...
 
                                 İKİNCİ FƏSİL
ŞİRVANŞAH  ŞEYX  İBRAHİMİN  HÜZURUNDA
Moskva Knyazı duyunca namı.
Gözünün önündə ucaldı damı.
Çoxdan arzusuydu daş qala tikmək.
Ancaq lazım idi bu işi bilmək.
Hər işi odundan, taxtadan olan,
Yoxdu məmləkətdə daşdan anlayan.
Knyaz Kərəmlini soraqlayarkən,
Gördüyü işləri varaqlayərkən...
Əliş Şamaxıda ocaq başında,
Hər axşam qonaqdı bir dost-tanışda...
Qırx dörd yaşının içində idi.
Günləri beləcə rəvan keçirdi.
Qarlı qış kəsmişdi, qapını çoxdan,
Üç, dörd gün keçərdi Böyük Çillədən.
Əliş bəyə xəbər çatdı saraydan,
Elçilər yoldadır çıxıblar çoxdan...
Çiçəyi çıtladı, sevindi bir az.
Düşündü zaval yox, ta heç nə olmaz.
Qırxına keçəndə, qırxından sonra,
Rəqəmlər çəkirdi Əlişi dara...
Qırx dörddən qalmışdı lap səksəkədə,
İki dörd salmışdı onu kəməndə...
İşindən, gücündən əli soymuşdu.
Doğma şəhərində yuva qurmuşdu.
İndi eşidəndə gavırdan xəbər,
Düşündü yəqin ki, ordadır zəfər...
Düz, Böyük Çillənin 15-i günü,
Elçilər sarayda açdı yükünü.
Başda Qafur bəy, Baratinski,
10 da atlı idi Knyaz elçisi.
Xəbər alan kimi Şeyx İbrahimdən,
Yollandı saraya Kərəmli həmən.
Qafur bəy söhbətə oldu tərcüman,
Elçi danışırdı Knyaz adından.
Şirvanşah tərəddüd içində idi,
Əlişi göndərmək heç istəmirdi.
Bir az Kərəmlinin xoşhal ovqatı,
Əsas da Knyazın dost zəmanəti...
Azdırdı Şirvanşah Şeyx İbrahimi,
Gizlətdi bir anlıq İlahi fəhmi...
Qərara alındı olacaq səfər,
Şirin dil altında gizlənər zəhər...
 
Səfərə hazırlıq başladı o gün,
Qafilə hazırdı, yetişdi o gün...
20-ci günüydü Böyük Çillənin,
Şəhər yola saldı öz elçilərin...
Qarlı bir gün idi, Günəşsə parlaq,
Gərək biz o günü heç unutmayaq...
 
                                  ÜÇÜNCÜ FƏSİL
KNYAZ   DİMİTRİ  İVANOĞLU  İLƏ  ƏQD
Yorğun yolçuluğu vurdular başa,
Hamı Kərəmliyə deyirdi “yaşa”...
Dəstə Moskvaya çatmışdı çoxdan,
Kərəmli hesabın tutmuşdu yoxdan...
Bahar Bayramına yeddi gün qala,
Əqd imzalandı İvanoğluyla...
Miladın 1367-si,
14-ü mart idi, daha kəsəsi.
Knyazın marağı tək vaxtda idi,
Dörd il Əlişin vaxtı var idi...
Knyaz bu vaxtın müqabilində,
Sərhəd tanımırdı istəklərində...
İşi vaxtından tez bitirsin deyə,
Əliş tam ixtiyar  aldı özünə...
Knyaz Dimitri dedi: - “Ey Boyar,
Bu gündən olmusan külli-ixtiyar”
Şamaxılı “Bəy”, “ Ər” olmuşdu “Boyar”,
İşində ağaydı, külli-ixtiyar...
Əqdi dörd ilə bağlasalar da,
Kərəmli üç ili tutdu hesabda.
Aylıq məvacibi üç yüz qızıl pul,
Əgər sonunda iş olsa qəbul,
Zəhmət haqqını tam alacaqdı,
Haqq-hesab Üsuli-Şərq olacaqdı.
Hər iş yüz ölçülüb, bir yol biçildi,
Mənzil Annagilin evi seçildi.
Knyaz bütün xərci boynuna aldı.
Annanın atası narazı qaldı.
Əlişi qorumaq məsələsində,
Knyaz istəmirdi güzəştə gedə.
Yeddi seçmə əsgər verdi Əlişə,
Əlişsə güvəndi təkcə Buliçə.
Elə ki, hər işə aydınlıq gəldi,
Kərəmli “Qurana” and içib dedi:
-“Kərəmli Qalası inci olacaq,
Bu şəhri min illər  o  qoruyacaq”…
 
                             DÖRDÜNCÜ FƏSİL
KƏRƏMLİ  QALASININ  TİKİNTİSİ
Bütün vacibləri salıb sahmana,
Kərəmli yerləşdi öz otağına.
Knyazın bacısı eviydi bura,
Əri Bobrokov da sahib onura.
Annayla otağı eyni qatdaydı,
Kərəmli bu haldan ehtiyatdaydı.
Elə birinci gün duymuşdu bunu,
Anna gizlin-gizlin seyr edir onu...
Bu işi almayıb elə ciddiyə,
Kərəmli yollandı tez tikintiyə.
Bütün işçiləri tək-tək o seçdi,
Min ölçdü, yüz ölçdü, bircə yol biçdi...
Bütün işçilərlə eylədi söhbət,
İşin mükafatı olacaq əlbət.
Bahar bayramını qeyd etdi Əliş,
Annanı heyrətə salmışdı bu iş...
Anna çox cavandı, qızı yerində,
Süzərdi Əlişi heyrət içində...
Tikinti işləri tamam hazırdı,
Sadəcə ilk daşı qoymaq qalırdı,
Bahar bayramından dörd gün keçəndə,
Knyazın özünün dediyi gündə.
Blaqoveşeniye, 25 –i mart,
Bütün şəhər əhli tamam qaldı mat...
Müsəlman Kərəmli kilsəyə getdi,
Məryəm Anaya dualar etdi...
 
O da hamı kimi şam yandırmışdı,
İsa Məsihdən söhbət açmışdı.
Kilsədən gəldilər qala yerinə,
Knyaz təməl daşın qoydu yerinə.
Yepiskop “İncil”-dən oxudu bir az,
Kərəmli “Quran”-dan ucaltdı avaz...
Belə xeyir-dua söylədi hamı,
Yaradan bol etsin işdə ilhamı...
 
 
                                  BEŞİNCİ FƏSİL
                                  ƏLİŞ VƏ ANNA
İşlər vüsət alıb, lap qızışmışdı,
Kərəmlinin başı bərk qarışmışdı...
Süfrədə, dəhlizdə, iş otağında,
Bir cüt göz gəzirdi daim yanında...
Anna gözlərini çəkmirdi ondan,
Baxmaq istəyirdi elə yaxından...
Hərdən baxışları toqquşan zaman,
Əliş lap çaşırdı utandığından...
Qırx beşin içində olsa da hələ,
Saçından bir tük də verməyib yelə.
Zil qara saçları, şəvə bığ-saqqal,
Boy-buxun yerində, sifəti xoşhal.
 
Zirəklik, çeviklik işdə məharət,
Annanı büsbütün eyləmişdi məst...
Aşkarda, gizlində olmuşdu kölgə,
Son vaxtlar Kərəmli gəlmişdi təngə...
Bilmirdi nə etsin, nədədi çözüm,
Bitmişdi canında ta taqət, dözüm...
Kərəmli gülərüz, mehriban idi,
Bu halı Annaya ümid verirdi...
Cavabsız olsa da eşqi Annanın,
Köləsi olmuşdu artıq qalanın...
Hər gün Kərəmlinin yanında idi,
Sanki, ruhu onun canında idi...
Əliş də qaladan söhbət edərdi,
“Kərəmli Qalası”  yekdir deyərdi...
Əliş danışdıqca baxardı Anna,
Onun gözlərində axardı Anna...
Beləcə günləri çatıb baş-başa,
Sonunda işləri vurdular başa...
 
 
 
                              ALTINCI FƏSİL
KƏRƏMLİ  QALASI  HAZIRDIR
Qala hazır oldu, gəldi münsiflər,
Hamı alqış dedi, var olsun əllər...
Gizlədə bilmirdi heç kim heyrətin,
“Kərəmli” incidir, tayı yox, çətin...
Knyaz alqışları qəbul eylədi,
Hamı çox sevindi, bayram eylədi...
 
 
                                 YEDDİNCİ FƏSİL
                     BÖYÜK  KNYAZIN  HİYLƏSİ
Ya orda, bəlkə də ondan çox əvvəl,
Knyazın vədini daladı zaval...
Şübhə toxumları düşdü qəlbinə,
Qorxdu tay tikilə onun “Kremli”-nə...
Düşünüb, daşınıb verdi qərarı,
Dedi: - “Sabah yola, salaq memarı”
Tapşırdı bir gözəl məclis  qurulsun,
Sonunda memarın boynu vurulsun...
 
 
                         SƏKKİZİNCİ FƏSİL
                          QANLI ZİYAFƏT
Miladın 1371-iydi,
Məclis İyunun 22-siydi...
Hamı təriflədi, dedi sağlıqlar,
Məclisdə qalmadı daha sayıqlar...
 
Əliş müsəlmandı içmirdi şərab,
Annanın baxışı verirdi əzab...
Məclis sona çatdı dikəldi Knyaz,
Hesab tam ödəndi nə çox, nə də az...
Anna da göz yaşı tökdü nə qədər,
Knyaz sağollaşıb gedənə qədər.
Annanın anası yaxına gəldi,
Əlişlə yaşıddı, ya az böyükdü.
Yolun açıq olsun, salamat yaşa,
Annamın ilk eşqi toxunub daşa...
Bəlkə getməyəsən, qalasan burda,
Anna sənə baxıb özün ovuda...
Son vaxtlar Əliş də düşmüşdü tora,
Şeytana lənətlə çatmışdı bura...
Yenə də bir lənət dedi şeytana,
Bu vaxt dəli kazak girdi meydana...
Qılıncı siyirib çapdı arxadan,
Var güclə bir nərə çəkdi ataman...
Əlişin bədəndən ayrıldı başı,
Annanın durmadı bir an göz yaşı...
Hər şey elə ani, qəfil oldu ki,
Əlişin özü də olmuşdu iki...
Biri başsız bədən qalmışdı yerdə,
Biri bədənsiz baş uçurdu göydə...
 
Sərxoş, sərsəm kazak xurcun eşirdi,
Anna saçın yolub, şivən edirdi...
Havadan asılı qalmışdı Əliş,
Elə bil Annanı indicə görmüş...
İstədi Annanı sakit eləsin,
Getmirəm, qalıram, burdayam desin...
Heyhat, kim eşidər tay onun səsin,
Elə bir yerdədir gedər, gəlməzsin...
Nəhayət anladı bunu Kərəmli,
İndi çox uzaqdan gördü “Kremli”...
 
 
                            DOQQUZUNCU FƏSİL
                               ANNA SƏDAQƏTİ
Anna saçın yolub, edirdi şivən,
Əliş çalışırdı tutsun əlindən...
Əlindən tuturdu duymurdu Anna,
Üzündən öpürdü görmürdü Anna...
Talada hay-həşir qopmuşdu yaman,
Yox idi Əlişi bir kimsə duyan...
Talandı karvanı, soyuldu nəşi,
Belə naqisliyin olmayıb eşi...
Knyaz da qayıtdı, sanki, xəbərsiz,
Əliş dəfn olundu, qüsul-kəfənsiz..
 
Anna saçın yolub verdi yellərə,
Getdi ibadətə qürbət ellərə...
Məzarı başına gələrək hərdən,
Hədiyyə gətirdi güldən, çiçəkdən...
Uzun zaman oldu çəkdilər həsrət,
Bir-birin duymayıb etdilər söhbət...
Vüsal da var imiş demə qismətdə,
Bir gün anlaşdılar qəfil söhbətdə...
Hər dəfə Annaya yazıq deyənlər,
Cansız bədənini yolda gördülər...
Moskva-Smolensk, 9-cu verst,
Yolun kənarında bitmişdi həyat...
O vaxt ki, Kərəmli duymuşdu onu,
Həyatın onunçün çatmışdı sonu...
İndi həmin yerdə hər il qumrular,
İyunda, iyulda nəğmə oxurlar...
 
 
                                     KAMİLLİK
Yaradan ağılı verib bərabər,
Kamillik axtaran zəka cücərdər.
Dərsi başqasının səhvindən alan,
İnsanlar içində ən kamil olan.
Belə söyləmişdir sevimli müdrik,
Təcrübə bir daraq, kəlsək, neynirik...
“Rəbbi zədni ilmən “-deyən dillərə,
Xoş ətir, rahiyə yayan güllərə,
Ey uca Yaradan yardım et hər dəm,
Adın duamızda yaşasın müdəm...
 
 
                                      HƏQİQƏT
Yaşamın mənası, qayəsi təkdir,
Bizə məlum olan həqiqət yekdir.
Kəşf etmək, olanı tapmaq deməkdir.
Tapmaq, var olana yetmək deməkdir...
Təsadüf istəklə görüş anıdır,
Zərurət arzunun qol-qanadıdır...
Qəza da, qədər də bizimlə yaşar,
Taledən istəyən, qismətdən alar...
Ustac bu sözləri demir boşuna,
Baxmayın heç onun cavan yaşına...
Bir bilsən ruhunun kim olub dostu,
Bu üzdən başının tacı da usdu...
 
 
 
 
 
 
                                 NƏSİHƏTNAMƏ
İşin heç çətini, asanı yoxdu,
Qəlbi saf olanın gözü də toxdu.
Bir “Ol” – a bağlısa, dünya da nə var,
Bir düşün çətinlik bəs nədə olar?
Uca Yaradanın güçü sınırsız,
Nəyi istəyirsiz, onu alırsız...
Həyat dediyinin düsturu budu,
Nə istəyirsən, aldığın odu...
Məqsəd aydın olsun, niyyət də təmiz,
Zəhmətin bəhrəsin görəcəksiniz...
 
 
                             MÜNACAT  VƏ  SON
Zaurun əlləri boşda qalmadı,
Arzusu qələmdə güldü, ağladı...
Uslu-uslu neçə dastan bağladı,
Razıdır, min şükür Yaradan haqdı...
Ustac babalardan alıb mirası,
Sevən seviləcək, olmayın ası...
Təvəqqem şükr edin, eyləyin alqış,
Arzu, istəyiniz olmasın qarğış...
Cəlal sahibinə sığının hər an,
Məqama güvən yox heç vaxt, heç zaman...
 
                            ZAMAN VƏ  MƏKAN
Uca Yaradanın verdiyi güclə,
Qəlbimdə   açdığı  cığırla, izlə...
Zaman  qeyd olundu əlbət, Miladi.
Məkan Bakı şəhri qeyri-iradi.
7-si iyunda, axşam 7-də,
2018 olundu siftə...
Girişdən birinci fəsilə kimi,
Hamısı yazıldı elə o günü...
Sonra ötən günlər naz etdi qələm,
Oturub gözlədim nə edə billəm?
Bir də 20-si axşam 7-də,
Qələm felə keçdi, mən də bihudə...
Fəsillər də bitdi, gəldik buracan,
Qaldı bir şükranlıq, bir zaman, məkan.
2018 Miladi ilə,
21-i iyun Sübh azanıyla,
Qələm də ayrıldı həmən kağızdan,
Şükür, həmdü-səna qopdu ağızdan...
21-i iyun doğmuşdu Günəş,
Qələmin canında yeni bir atəş...
İndi bu sözləri vərəğə yazır,
Cism bu masada, ruh yolun azır...
 
 
Yeddi yüz əvvəlin bu çağlarında,
Moskva yolunda, yol qırağında...
Bitmiş bir ömürün dastanın yazır,
Bitmişdir bu əsər, artıq tam hazır...
 
 
                                    ŞÜKRANLIQ
Min şükür Yaradan, şükür hikmətə,
Başladıq, son verdik qəmli söhbətə...
Əlişin, Annanın ruhu şad olsun,
Oxuyub, dinləyən payidar olsun...
 
                          21.06.2018. (11:00) Bakı.


Müəllif: Zaur Ustac.
Rəssam:  Şəhin  Senayi  Fərd.
 

© Zaur USTAC, 2018.    
 
 
 
 
 
                                           Zaur USTAC
                           (Mustafayev Zaur Mustafa oğlu)
                                       “ƏLİŞ VƏ ANNA
                                                 (Poema)      

=============================================================

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol