============================================= PDF KİTABI: >>>>> qelemder-2
=============================================
"TƏƏSSÜRATLAR"
(ikinci kitab)
=============================================
BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDA
QIRX SƏKKİZİNCİ YAZI
(“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil...”)
Salam olsun, dəyərli qələm adamları və çox dəyərli oxucular! Min şükür Uca Yardana! Söhbətimizin mövzusu yenə təkrarən olduqca qısa və xatırlatma məqsədi ilə hərb mövzulu yazılar barədə olacaq. Bu mövzuda hələ 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən əvvəl yazdığım ənənəvi və elektron mətbuatda kifayət qədər geniş şəkildə işıqlandırılmış yazım
olduğuna görə bu yazıda sadəcə qısa xatırlatma edəcəm.
Yuxarıda qeyd etdiyim yazını yazmağa Birinci Qarabağ Müharibəsindən sonra yaranan əsərlər vadar etmişdi. Tam səmimi etiraf edim ki, o məlumat və mətnlərdə 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra yaranan əsərlərdə olduğu qədər kobud, yolverilməz səhvlər yox idi. Ən acınacaqlısı odur ki, 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra məşhur televiziya kanalları (xüsusən onların xəbərlər proqramları), internet televiziyaları, saysız-hesabsız “Youtube” kanalları da bu sıraya qoşuldular. Əvvəllər belə səhvlər nisbətən kiçik auditoriyanı əhatə edən bir qəzet məqaləsində (saytda) və ya məhdud tirajlı bir kitabda rast gəlinirdisə, indi axşam saatlarının xəbərlər proqramı başlayanda böyük şövqlə “...ən baxımlı kanalda xəbərlər proqramına baxırsınız...” deyimindən sonra “...C.Naxçıvanski adına hərbi akademiyanı bitirmiş...” ifadəsi eşidilirsə deməli problem ciddidir. İnanın ki, haqqında danışılan şəxsin heç C. Naxçıvanski adına Hərbi Liseyin harada yerləşdiyindən xəbəri olmayıb. Ucqar bir dağ kəndində orta məktəbi bitirib, gedib hərbi xidmətə. Birinci Qarabağ Müharibəsindən sonra daxil olub H. Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, məktəbi bitirdikdən sonra zabit kimi yenə yollanıb döyüş bölgəsinə. Bütün xidməti boyu dağda-dərədə ön xətdə xidmət edib. 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsində şəhid olub. İndi siz deyin onu – belə qəhrəman oğulu ağzından süd iyi gələn bir “y....”nun bu şəkildə təqdim etməyə ixtiyarı varmı? Əlbəttə, yoxdur! Bu “d....”in ağlı kəsmir ki, adi bir təhsil müəssisəsinin adını dəqiqləşdirmək üçün heç yana getməyə ehtiyac yoxdur. Sadəcə 5-6 saniyə vaxt sərf edib ən azı “Google” dostumuzun xidmətindən istifadə etmək olardı... Necə ki, ömrü boyu bircə dəfə də olsun “Google”da “Uşaq şeirləri” yazıb axtarış verməmiş alim oturub son dövrlərin uşaq şeirləri haqqında hesabat hazırlayır (məlumatlar da ən yaxşı halda ötən əsrin 80-90-cı illərini əhatə edir), eyni qayda da adi orta məktəb səviyyəsində dünya görüşü olmayan, ölkəsinin təhsil sistemindən xəbərsiz bir jurnalist heç bir məsuliyyət hiss etmədən on milyonluq əhalinin qarşısına çıxır və ağzına gələni danışır... Və şübhəsiz ki, izləyici də kanalı çevirir... Bilirsiniz bu təxminən nəyə bənzəyir? Hesab edin ki, belə bir xəbər anons edilir, - "Kimya Biologiya Təmayüllü Respublika Liseyi"nin şagirdi və ya məzunu həkim filankəs uğurlu açıq ürək əməliyyatı həyata keçirib... Əlbəttə, bu ilkin təsəvvür yaratmaq üçün ən primitiv misaldır. Düşünün, “ən baxımlı kanal” adı ilə bizlərə sırınan televiziya bu gündədirsə, bir belə nəzarətsiz internet kanalları, mətbu orqanlar (saytlar), kitablar hansı vəziyyətdədir...
Və ya oxuyuruq zabitlər oradan gəldi, buradan getdi... Elə etdilər, belə etdilər... Sonda baxırsan ki, ümumiyyətlə, haqqında söhbət gedən şəxs heç çavuş da deyil...
Yenə orta məktəbin son siniflərində verilən elementar ibtidai hərbi biliklərdən xəbəri olmayan, “əsgər heyəti”, “çavuş heyəti”, “zabit heyəti” anlayışlarının varlığından xəbərsiz, adi rütbələri belə ayırd etməyi bacarmayan birisi ağız dolusu qəhrəmanlıqdan danışır və ya yazır...
Xahiş edirəm belə yazıları yazanda və ya oxumadan dərc edəndə bir düşünün birdən bu kağıza pomidor və ya xiyar bükdülər, bu da getdi çıxdı bir hərbçinin evinə, o da bekarçılıqdan bu cəfəngiyatı oxudu... Və belə hallar tez-tez baş verir... Oxuyurlar... Kimiləri gülür... Mənim kimiləri isə ağlayır... İstər-istəməz dodaqaltı da olsa öz-özünə deməyə məcbur olursan: - “heyif səndən a, gilənar”...
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edirəm. Daha dərinə getməyə ehtiyac duymadım. adalet.azda dərc olunmuş “Hərb mövzulu yazılar...” (on yeddinci yazı)mda bu barədə ətraflı yazmışam. Hələlik bu qədər. Çox sağ olun!
23.03.2022. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Firuz Mustafa - nasir, dramaturq. Yazır, yaradır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi - şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: - “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha ki, daha yeni bir vəsilə ilə görüşümüzə zaman tanıdı. Min şükür. Bu dəfə söhbətimizin mövzusu adı ilə diqqətimi çəkmiş kitabla bağlıdır. Haqqında söhbət açacağım kitab İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi” adlı 2021-ci ildə işıq üzü görmüş, 208 səhifədən ibarət şeirlər kitabıdır. Kitabla ilk tanış olduğum gündən adı diqqətimi çox çəkmişdi. Şeirləri oxuduqca kitabın içərisində eyni adlı şeirin də olduğunu gördüm. “Mənə bircə gilə göz yaşı bəsdi” şeiri kitabın 142-ci səhifəsindədir. Hərflərə, sözlərə, rəqəmlərə onların yaratdığı kombinasiyalara, ötürdüyü məsajlara bir başqa aludəçiliyim var. Ancaq bütün bunlar haqqında söhbətə başlamazdan əvvəl İbrahim Yusifoğlunu yaxından tanıyaq.
QISA ARAYIŞ
İbrahim Yusifoğlu Yusifov 30 sentyabr 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərindən pedaqoji fəaliyyətlə məşğuldur."Şərur qönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.
Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir. Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Çoxsaylı nəzm və nəsr nümunələrinin müəllifidir. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildən isə Azərbaycan Yazıçlar Birliyinin üzvüdür.
İbrahim Yusifoğlu “Araz bayatıları” (1991), “Bu həyat mənimlə yola getmədi” (1997), “Futbolçu, topçu, gopçu” (1998), “Mənim inamımı güllələdilər” (1999), “Arxamca boylanan baxışların var” (1999), “Sulara danışdım yuxularımı” (2000), “Safdır,müqəddəsdir müəllim ömrü (oçerk)” (1997-1998), “Ölüm tanrıdan gələndə” (oçerk) (1999) kitablarının və ümumlikdə 30 – a yaxın kitabın müəllifidir. Bundan əlavə redakatə etdiyi kitablarda çoxdur.
Pedaqoq və yaradıcı şəxs kimi uzun illərin gərgin əməyinin nəticəsini “Azərbaycanın xalq maarif əlaçısı” (1987), “Qızıl Qələm” media mükafatı, Prezident mükafatı (2016), "Ziyadar" mükafatı olaraq görmüşdür.
Hal-hazırda da fəaliyyətini davam etdirir.
Keçək mətləbə. 142(7)-ci səhifədə yerləşmiş (ya təsadüfən, ya da hesablanmış şəkildə bunun heç bir fərqi yoxdur) “Mənə bircə gilə göz yaşı bəsdi” şeiri və bu şeirin adının kitabın üzünə çıxarılması, kitaba ad seçilməsi artıq özlüyündə diqqətli oxucuya müəyyən mətləblərdən xəbər verir. Məsələn, şəxsən mən hələ eyni adlı şeirlə və ümumilikdə şeirlərlə tanış olmazdan əvvəl düşünürdüm ki, görəsən şair bu ifadəni hansı anlamda işləıdib? Dünyanın faniliyinə işarə edir, yoxsa insanların naxələfliyinə? Söhbət aclıqdan gedir, yoxsa toxluqdan? Müəllifi dünya narahat edir, yoxsa axirət? və s. Və il. Bu vəziyyətdə sualları sıralamaq olardı. Ancaq buna ehtiyac yoxdur. Yaxşısı budur necə deyərlər kitabın tən ortasından, elə həmin bu şeirdən iki bəndə diqqət yetirək:
Bəxtimə düşənlər Tanrıdan gəlir,
Sevincim, kədərim yarıdan gəlir,
Bütün istəklərim “barı”dan gəlir,
Həyat nə verdisə bir üzü tərsdi.
Mənə bircə gilə göz yaşı bəsdi.
* * *
Bir gün göz yaşıyla yuyulacağam,
Üç qarış torpaqda uyuyacağam,
Bir parça sal daşda duyulacağam,
Tanrımın verdiyi öz yaşı bəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi. (s. 142)
Bu misraları oxuya-oxuya rəhmətliklər; Hacı və axund arasında keçən məşhur məsələ, ta qədimdən üzü bəri şahların, sultanların ibratamiz məsəlləri, son illər gözümüzün qabağanda baş verən yüzlərcə ibrətlik hadisələr kino lenti kimi adamın gözünün önündən keçib gedir.
Ümumiyyətlə, bu və digər şeirlərdə (indi bu şeirə nisbətən kitabın əvvəlindən də bəzi nümunələrdən misal gətirəcəyəm) İbrahim Yusifoğlunun insan oğluna, bəşəriyyətə ötürmək istədiyi, xüsusi ilə hal-hazırda baş verən hadisələrlə səsləşən aktual məsajlar çoxdur.
Kitabdan bir neçə nümunə də misal gətirib sonra fikrimi yekunlaşdırmaq istəyirəm.
Məsələn,
Yağışlar yağdı, qutardı,
Daha qar yağır, qar yağır.
Kimin evinə qəm-kədər.
Kimin çölünə var yağır.
* * *
Kövrək olur, güllər nədən,
Boylananda pəncərədən,
Qəmli-qəmli tül pərdədən,
Baxan gözlərə qar yağır. (s. 69)
Və ya “Nimdaş pencəyə oxunan şeir” :
Nimdaş görkəminlə sən asılmısan,
Asılqan adlanan dar ağacından.
Lazımsız əşyatək yalqız qalmısan,
Düşmüsən ömrünün şahlıq taxtından.
* * *
Bir vaxt geyilərdin ziyafətlərə,
Gözlər min heyrətlə sənə baxardı.
Yaman xoş gəlirdin şux afətlərə,
Duruşun, biçimin ürək yaxardı. (s. 74)
Bu misala da nəzər salıb sonra söhbətimizi yekunlaşdıraq.
Nümunə:
Nə eni görünür, nə də uzunu,
Dərini duyulur sərt bənizində.
Boğaza çatdırıb duzlu suyunu,
Batırıq, ay Allah, borc dənizində.
* * *
Bu yurdun sərvəti, varı talanır,
Yerində yosunlu dəniz yaranır,
Dərddən sinələrdə tonqal qalanır,
Yanırıq, ay Allah, borc dənizində. (s. 80)
Yuxarıda İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi” adlı kitabından təqdim etdiyim nümunələr və gələcəkdə sizin özünüzün bu kitabda tanış olacağınız digər çoxsaylı şeirlər söz-söz, misra-misra yalnız və yalnız bir vəzifə ilə mükəlləfdir: “Oyan, insan oğlu, oyan! Ətrafında baş verənlərdən dərs al, ibrət götür!” Axı heç kim, heç nə bu həyatda (dünyada) tək deyil... Bütün mövcudiyyat bir-biri ilə əlaqəlidir. Əgər, hər hansı bir iş kiminsə başına gəlirsə, demək sənin də başına gələ bilər. Müdrik bir misalı xatırlatmaq istəyirəm, məzmnu belədir ki, təcrübə yaxşı dərsdir, ancaq keçələ daraq lazım olmur...
Ümumiyyətlə, İbrahim Yusifoğlu uzun illərin təcrübə və müşahidəsinə, zəngin söz ehtiyatına, flklorumuza dayanaraq, cəmiyyət, insanlar üçün faydalı olmağa çalışmışdır. Mən deyərdim ki, söz adamı kimi, dünya görmüş pedaqoq kimi bu işin öhdəsindən layiqincə gəlmişdir. Yerdə qalır yazılanları oxuyub nəticə çıxarmaq. Belə bir misal da var. Deyir ki, ağıllı insanlar başqasının səhvlərindən nəticə çıxardaraq öyrənənlərdir. Xüsusən də indiki vaxtda ətrafımızda bu qədər ibrətamiz misallar olduğu halda heç birimizin səhv etməyə ixtiyarı yoxdur!
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edirəm. İbrahim müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, yolunuz açıq olsun!
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. Zaur Ustac – “Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı”, “Bütöv Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, say: 11 (438), s.13.
RUHU DURU, SÖZÜ BÜTÖV ƏSGƏR ORDUBADLI
QIRX BEŞİNCİ YAZI
Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Ordubad qədimliyi qədər də təbiəti və insanı ilə olduqca unikaldır. Ərazicə elə də böyük olmayan Ordubad əslində sözün tam mənası ilə sanki elə bütöv Azərbaycandır. O Azərbaycan ki, onu Araz ikiyə bölməyib. Əksinə birləşdirib. Ordubad bütün təbiəti, tarixi, insanı, dili ilə vahid, bütöv Azərbaycanın kiçik modelidir mənim üçün. Ordubad insanı bir başqadır. Tamdır. Bütövdür! Sizi bu ecaskar yurdun qəlbi təmiz, ruhu duru, sözü bütöv şair oğlu Əsgər Ordubadlı ilə tanış etmək istəyirəm.
Əsgər Ordubadlı - Əliyev Əsgər Ramazan oğlu 1995 - ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Dəstə kəndində anadan olub. Təxəllüsü Əsgər Ordubadlıdır. 2001-ci ildə Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbinə daxil olub və 2012 - ci ildə oranı bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. Uşaq yaşlarından ədabiyyata maraq göstərib, elə həmin vaxtlardan da bədii yaradıcılığa başlayıb. "Bizim məhəlləmiz" adlı ilk şeirini 2006 cı ildə yazıb. Mətbuatda ilk çap olunan şeiri "Xocalı soyqırımı " (“El Həyatı” qəzeti. 2010) . Bundan sonra dövrü mətbuatda şeir və məqalələri, eləcə də onun haqqında yazılar dərc olunub. Məktəb illərində dəfələrlə Ordubad və Naxçıvan müəllif şeir müsabiqələrində uğurla iştirak edib. Naxçıvan dövlət televiziyasının verlişlərində qonaq olub.
"Qələm nə danışır"(2009) ,"Axırda peşman sən olacaqsan"(2010) kitabçalarının, "Zülmətdən doğan işıq" (2021) şeirlər kitabının müəllifidir. Bir sıra qəzetlərdə və "Telli Sənəm", "Yazarlar", "Xəzan" jurnallarında şeir, məqalə və hekayələri çap olunub. Telli Sənəm jurnalının "Bölgə müxbiri" (2021) olub. "Yazarlar" jurnalının Ordubad bölgə təmsilçisi, YİNŞ - nın Ordubad rayon üzrə sədridir. AKİVİ-nin "Qızıl Qələm ", “Yazarlar”-ın "Ziyadar" və bir çox digar mükafatlara layiq görülüb. Müəllifin kitablarından əlavə "Gözüm yolda könlüm səsdə", "Qələbəyə gedən yol", "Gəlirik Qarabağ ", "Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880", "Həyat bizi səsləyir", "Sevgilim, yuxunu dənizə danış" Poeziya Antologiyalarında şeirləri çap olunub. Hazırda Ordubad rayonunun Dəstə kəndində yaşayır. Subaydır.
Özü haqqında belə qısa arayışdan sonra sözü ilə tanış olaq:
KEÇDİ ÖMRÜN İLLƏRİ
Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.
Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamız seyrələcək
İnsanlar köçə-köçə?
Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.
… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.
Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl,
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.
Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…
GEDİR
Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.
Zərrəcə qalmayıb düzlük, etibar,
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.
Əsgər var-dövlətə aldanma, qəti,
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.
BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ
Əzab imiş bu həyatın hər yanı,
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı,
Mənim bəxtim gətirmədi sevgidə.
Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.
Hey əl açdım əllərinə çatmadı,
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı,
Mənim bəxtim gətirmədi sevgidə.
Doğma idi, özgələşdi yad oldu,
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu,
Mənim bəxtim gətirmədi sevgidə.
Əsgər bəlkə sevdi deyə suç etdi?
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi,
Mənim bəxtim gətirmədi sevgidə.
TARİX YAZAN QƏHRƏMANIM
(İntiqam Abdullayevin əziz xatirəsinə)
Tarix yazan qəhrəmanım
Tarixini yazıb gəlir.
“Köçkün” adın, “qaçqın” adın
Alnımızdan pozub gəlir.
Milyonların sevgisindən,
inamından güc alıb o.
Ucalardan uca olan
Pak məqama ucalıb o.
O, can verib, O, qan verib,
Qoy yaşasın ana torpaq.
Ana torpaq yaşadıqca
Öz oğlun da yaşadacaq!
Yox, İntiqam ölməmisən
Ürəklərdə adın sağdır.
Şəhidliyə ucalanlar
Daima sağ qalacaqdır!
QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifasından təsirlənərək)
Oxu, mərd döyüşçüm, qürurla oxu!
Ana vətən gur səsini eşitsin.
Vətənin yol çəkən aranı, dağı
Qoy Xudayar nəğməsini eşitsin.
Bitsin bu gün həsrət adlı dünənin,
Yadın deyil, bu mənimdir, bu sənin.
Xəbər yayın hər yanına vətənin
Öz oğlunun gəlməsini eşitsin.
Yağı düşmən qaça bilməz əlindən,
Hamımıza əziz olan bu vətən
Sizin kimi oğulların dilindən
“Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Vətənin adından Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)
Uyu məzarında nurlar içində
Ey vətən sevdalı qəhrəman oğlum.
Xalqın ürəyində, xalqın dilində
Adın yaşayacaq hər zaman, oğlum.
Tarix oxumadın, yazdın bir başa.
Yeni həyat verdin torpağa, daşa.
Dedin:- Azərbaycan müstəqil yaşa!
Ey vətən eşqindən yaranan oğlum.
Düşmənin başına odlar ələdin,
Məhv etdin yağını, qana bələdin.
Yalandan vətənə canım demədin,
Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN!
(Yenilməz ordumuzun şanlı Zəfərinə)
Ön cəbhədə tarix yazır durmadan
Ordumuzun zəfərinə eşq olsun!
Düşmənini hər addımda qorxudan
Azərbaycan əsgərinə eşq olsun!
Ver komandir daim müjdə xəbəri,
Səndə qalıb milyonların nəzəri.
Hər gün yeni kənddə açır səhəri
Ordumuzun zəfərinə eşq olsun!
Keç Arazın sahilindən sırayla,
Zəngilandan qardaşları harayla.
Dəstək verir bax Arazdan o tayda
Qardaş deyən dillərinə eşq olsun!
İrəli get, səninlədir qayıdış.
Ata-baba torpağıdır hər qarış.
Bu millətin ordusuna min alqış,
Yenilməyən rəhbərinə eşq olsun!
Ümidvaram ki, ünün bütün Azərbaycana yayılacaq, Əsgər. Bütöv Azərbaycanın tanınmış söz adamı, sözü bütöv şairi olacaqsan. Yolun açıq, uğurların bol olsun!
Mart 2022, زائـــور ا.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. Zaur Ustac – “Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı”, “Bütöv Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, say: 11 (438), s.13.
“XƏYALLARIM BORÇALIDA, YUXULARIM GÖYÇƏDƏDİ.” QIRX DÖRDÜNCÜ YAZI (Rahilə Qaralovanın özü və sözü)
Dəyərli oxucum! Daha bir sazlı, sözlü söhbətlə görüşünüzə gəlmişəm. Söz deyəndə Göyçəni, saz eşidəndə Borçalını xatırlamamaq, anmamaq mümkün deyil. Xoş baharın yurdumuza qədəm qoyduğu günlərdə ustadları rəhmətlə anır, sizi saz-söz ziyafətinə dəvət edirəm. Bu dəfə söhbətimiz , “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” - deyərək, sinəsini eyni zamanda həm saza, həm də sözə yuva, yurd yeri etmək kimi müqəddəs bir işin öhdəsindən ləyaqətlə, bacarıqla gəlmiş Rahilə Qaralova haqqında olacaq. Kimdir Rahilə Qaralova? QISA ARAYIŞ Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İlk təhsilini Şahmarlı 8 illik məktəbində alıb. 1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə Texnikumunu bitirib. Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb. Orta məktəb illərindən poeziyaya xüsusi maraq göstərən Rahilə xanımın ilk şeirləri o zamanlar Bakıda nəşr olunan "Azərbaycan Pioneri" qəzetində və Başkeçiddə nəşr olunan yerli "Trialeti" qəzetində işıq üzü görüb.Son dövrdə Azərbaycanda və Gürcüstanda nəşr olunan mətbuat orqanlarında müntəzəm olaraq dərc olunur. Şeirləri "Bütöv Azərbaycan", "Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda və müxtəlif qurumlar tərəfindən tərtib olunaraq yayımlanmış çoxsaylı poeziya antologiyalarında, almanaxlarda dərc olunmuşdur. Rahilə Qaralova "Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya", "Yaşamadım özüm üçün", "Ana laylası" və digər kitabların müəllifidir."Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də "Dirili Qurbani" Ədəbi Məclisinin üzvüdür. Ailəlidir, iki övladı və iki nəvəsi var. Sazla söz Rahilə xanımın simasında necə ayrılmaz tellərlə bağlanıbsa, hətta onun haqqında təqdim etdiyim qısa bioqrafik məlumatda da ruhumuzun qidasını təşkil edən bu iki məfhum yanaşı dayanaraq, hər ikisinin məbədgahı olan ulu Borçalıya söykəniblər. Rahilə xanımın bütün fəaliyyətində yurda bağlılıq, soya-kökə ehtiram açıq-aydın hiss olunur. Saz səsi gələn, şipşirin ana dilimdə mirvari kəlmələrin muncuq olub bulaq başında ipə düzüldüyü sərin kölgələri, qartalların qıy vurduğu uca zirvələri, gah haylı-küylü, gah da həzin nəğmələr oxuyan yamyaşıl çay vadilərini özünün doğma yurdu bilən Rahilə xanımın Vətən sevgisi sərhəd tanımır: Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən! Yuxarıda təqdim etdiyim misralar onun “Vətən” şeirindəndir. Sazının eşidildiyi, sözünün dinlənildiyi bütün kainatı Yurdu hesab edən Rahilə xanım “Borçalı” adlandırdığı digər bir şeirində hisslərini daha da cilalayaraq, fikrini aşağıdakı kimi ifadə etmişdir: Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Borçalı. İndi tanış olduğunuz misralar həm bu qısa yazım üçün ana xətt kimi götürdüyüm “saz-söz” məfhumu ilə çuğlaşmaq baxımından, həm də Rahilə xanımın özünü ruhani və cismani tərəfdən təqdim etmək baxımından çox qiymətli nümunədir. O, qələmə aldığı nəzm nümunələrində özünü doğru olaraq “Rahilə” kimi təqdim edir. Biz bu nümunələrdə həm mənəvi, həm də fiziki olaraq onun bizi götürdüyü yolçuluqdan yorulmuruq, bezmirik. Onun saza eşlik edən söz aləmində səyahət etmək bizi darıxdırmır. Əksinə sarbanı Rahilə xanım olan söz karvanının keçdiyi hər çöl, hər çəmən, hər dağ, hər dərə, hər çay qırağı, hər bulaq başı, hər bağ, hər bağça öz xoş rayihəsi ilə bizi məst edir, ovsunlayır. Bu sazlı-sözlü səfərdən zövq alırıq. Rahilə xanım öz sözünün yayıldığı ucsuz-bucaqsız geniş Yurdunun nə qədər intəhasız olduğunu anlayır, bunun üçün məbədgahı Borçalıya minnətdarlığını, sadiqliyini bildirir. Ancaq bütün bunlarla kifayətlənmir. Dünyaya göz açdığı, sözünün qorlandığı, niyətinin tumurcuq tutduğu “Şahmarlı”nı unutmur, bəzən dünyaya hakim hami kimi, bəzən isti yuvaya möhtac körpə bala kimi ona sığınır. Hər iki halda Rahilə sözü özəl, gözəl və səmimidir: Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hamı görəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı! Rahilə xanımı sazla sözün vəhdət tapdığı “Sazım” şeirindən bir neçə bəndi sizə təqdim edirəm: Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.
Yandırıbdı“Kərəmiylə”
Qəm veribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım. Və ya, Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım! Saza, sözə sonsuz ehtiram göstərən, bunu hər kəlməsində, hər misrasında oxucusuna xüsusi hiss-həyəcanla anladan Rahilə xanım, tam səmimi olaraq sonda bir məsələni qeyd etmək istəyirəm; “Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.” misraları o qədər yaxın və doğmadır ki, sanki mənim öz ruhumun süzgəcindən keçərək həyat qazanıb. Təbrik edirəm. Uğurlarınız bol, yolunuz açıq olsun!
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX DÖRDÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. Zaur Ustac – “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” (Rahilə Qaralovanın özü və sözü), “Bütöv Azərbaycan” qəzeti, 11 mart 2022-ci il, say: 10 (437), s.8.
Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə, xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı...
Elə ilk cavabla qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: - Mən bu adamı min illərdir tanıyıram.
MİN İLLƏRİN DOSTU
Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.
GÖYÇƏ GÖLÜNÜN SONASI
İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: - Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.
Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır” kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.
PEŞƏKAR QƏLƏM ADAMI
Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : - O sözün içində yetişib, püxtələşib.
Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.
O bir qələm adamı olmaqla yanaşı, eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.
Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ
QIRX İKİNCİ YAZI Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir” adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva) “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt ərzində mən “Sirli gedişlər” adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər” məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız 5-ci sinfdə oxuyan zaman kənd kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə, ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl ən azı gələcəkdə istinad etmək üçün sizi müəlliflə tanış etmək vacibdir.
QISA ARAYIŞ
Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub. 1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Müəllifi olduğu “Sirli gedişlər” (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.
Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.
Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın və onların yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.
Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.
Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.
Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.
Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur. Yuxarıda qeyd etdiyim kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.
Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən Lətifə Orucun “Sirli Gedişlər” kitabı əhatə etdiyi dövrün zəruri mədəni, sosioloji, tarixi məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.
27.01.2022. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. Zaur Ustac – Lətifə Orucun “Sirli gedişlər”inin sehri (kitab haqqında düşüncələr), “Bütöv Azərbaycan” qəzeti, 11 fevral 2022-ci il, say: 06 (433), s.13.
“ÖMRÜM-BİR YAŞIL YARPAQ”
QIRX BİRİNCİ YAZI
(Ayətxan Ziyadın 70 yaşına)
Qələmə sarılı 52 il... Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan, Əli Bayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan "İşıq" qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdu.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən - orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı Dəmiryol orta məktəbin "Ədəbiyyat" divar qəzetinin redaktoru olub.
***
Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışıb, yaxud çap olunub;
- 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. "Sənsiz, yaxud Arifsizlikdə ötən ömür" kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;
- 2015-ci ildən bu ömrə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.
Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında "dissident ədəbiyyatı" və "Azərbaycan səlcuqları" mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilib. "Heydər Əliyev - azad düşüncənin və milli təfəkkürün təəssübkeşi" məqaləsində Ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılıb. Məqalə "Paritet" qəzetinin, "İpək yolu" elmi jurnalının və "Azərbaycan" jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə "Space" TV (daha sonra digər TV-lər də) bu mövzunu səsləndirməyə başlamışlar.
"Kimdir Ayətxan Ziyad İsgəndərov?" - bu sualı daha təfərrüatı ilə "Bu mənəm - Ayətxan Ziyad" kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandırıb.
İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olub, orta təhsilini 1969-cu ildə başa çatdırıb. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışıb. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində "Ədalət" qəzetində, "Azərbaycan məktəbi" jurnalında, "Respublika", "Naxçıvan" və "Yeni Naxçıvan", "Həftə içi", "Hakimiyyət və Xalq" qəze-tlərində, 2004-2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan "Dirçəliş-XXI əsr" elmi jurnalında (analitik-İnformasiya Mərkəzinin rəhbəri) işləyib.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 - fevral 2015-ci illərdə universitetin "Gənc müəllim" qəzetinin redaktoru olub, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.
1979-cu ildə Moskvada Gənc Jurnalistlərin II Ümumittifaq Qurultayının nümayəndəsi olub, Ümumittifaq Teleradio Verilişləri Komitəsində yaradıcılıq təcrübəsi keçib. I Qarabağ müharibəsinin ilk günlərindən 6 il sərasər hər ayın 7-10 gününü cəbhə bölgələrində olub, Azərbaycan Ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış edib. AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olub.
1980-ci ildən SSRİ Jurnalistlər İtti-faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Onu fəaliyyəti bir sıra mükafatlarla qiymətləndirilib. Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi "Əfsanəyə dönən ömür" adlı radio verilişi pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilib, radio verilişinin məqalə variantı "Ölməzlik" toplusunda nəşr edilib (Bakı-Azərnəşr-1989. Səh: 60-67). Hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində "Ədalət" qəzetinin xüsusi mükafatını, 2012-ci ildə "Əsrin ziyalıları" Xeyriyyə İctimai Birliyinin "İlin alimi - İlin ziyalısı" diplomunu alıb, 2021-ci ilin 15 oktyabrında 70 yaşı və jurnalist fəaliyyətinin 52 illiyi münasibətilə ADPU ETM tərəfindən mükafatlandırılıb. "Ziyadar" Mükafatı laureatıdır.
Nəşr olunmuş 15 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir (Türkiyənin 2 nəşriyyatı tərəfindən nəşr edilib). Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də işlədiyi 6 il ərzində təqribən 50 beynəlxalq və respublika elmi konfransında, həmçinin, 4 seminarda çıxış edib, çıxışları müvafiq sertifikatlara layiq görülüb, elmi məqalələri konfrans materiallarında dərc edilib.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub Ayətxan Ziyadın. Deyir, yazdığını əgər pozmağa "gücün" çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə "qənim" kəsilir. Həm də yazdıqlarının üzərində o qədər də "şəkil çəkir" ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə, nizama sala bilir. Redaktə işi barədə həmişə bu məşhur cümləni nümunə çəkir: "Vaxtım olmadığı üçün uzun alındı".
Ayətxan Ziyad (İsgəndərov) bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı ömür arzu edirəm! Var olun, uğurlarınız bol olsun!
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı Ayətxan Ziyad haqqında olan "Mən kiməm?" kitabında dost yazısı, , “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
(Aqşin Hacızadənin eyni adlı kitabı haqqında)
Salam olsun, dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Bu dəfə sizinlə görüşə yeni kitabla gəlmişəm. Söhbət tanınmış söz adamı Aqşin Hacızadənin yenicə işıq üzü görmüş “Tikdim ki, izim qala” kitabından gedir.
“Tikdim ki, izim qala” kitabı Aqşin Hacızadənin öz oxucuları ilə üçüncü görşüdür. O, “Tanrı bizi bağışlamaz” və “Sənsizliyi duyacağam” adlı iki kitabı ilə artıq oxuculara yaxşı tanışdır.
Tədqiqatçı-jurnalist Araz Yaquboğlu (“Dünya” qəzeti, №30-31. 25 dekabr 2009-cu il.) “Aqşin Hacızadə poeziyası” adlı yazısında A.Hacızadəni oxuculara belə təqdim edir: “Zaman-zaman şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda - Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.
Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu Tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O, gözəl, iti qələmi olan bir şairdir.
Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəst-xətt duyulur”.
“Tikdim ki, izim qala” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın ərsəyə gəlməsində redaktor şair, jurnalist Arif Məmmədli və məsləhətçi tədqiqatçı-jurnalist Araz Yaquboğlunun xidmətləri olmuşdur.
Kitab haqqında söhbətə başlamazdan əvvəl Aqşin Hacızadə ilə bir daha yaxından tanış olaq.
QISA ARAYIŞ
Aqşin Hacızadə Şiruyə oğlu (şair Sərraf Şiruyənin oğludur) 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1993-1996-cı illərdə Qarabağ müharibəsində Ağdam cəbhəsində könüllü döyüşlərə qatılmışdır. 1990-cı ildən Bərdə rayonunun Yeni Daşkənd kəndində mədəniyyət sahəsində işləyir. Eyni zamanda, Qərbi Azərbaycan İctimai Birliyinin Mədəniyyət şöbəsinin rəhbəridir. 3 kitab müəllifidir.
Aqşin Hacızadənin “Tikdim ki, izim qala” kitabına onun son zamanlar qələmə aldığı poemalar, şeirlər və publisistik yazılar daxildir. Kitab “Ön söz əvəzi” özünü təqdimatla, yerini-yurdunu tanıtmaqla “Ünvanımı” şeiri ilə başlayır. Kitabı formal olaraq üç hissəyə bölmək olar: Poemalar, şeirlər, publisistika.
Poemalar bölməsində “Tikdim ki, izim qala”, “Qucaq açdı Bərdə bizə”, “On altı şəhidin altısı yaşıd” poemaları, şeirlər bölməsində isə məşhur “O şeiri bir də söylə, Ərdoğan” şeiri də daxil olmaqla son zamanlar yazdığı şeirlər və publisistika bölməsində “İki qardaş - iki igid, biri qazi, biri şəhid”, “Vətəni canından əziz bilən oğul”, “Pirnazarlı ocağının ikinci şəhid oğlu” adlı yazıları yer almışdır. Qeyd etdiyim əsərlərin adlarından da aydın görünür ki, Birinci Qarabağ müharibəsinin könüllü iştirakçılarından olan Aqşin Hacızadə məlum səbəblərdən İkinci Qarabağ müharibəsində əlində silah iştirak edə bilməsə də, qələmi ilə söz cəbhəsində şanlı Zəfərimizə öz töhfəsini verməyə çalışmış və qarşısına qoyduğu bu vəzifənin öhdəsindən layiqincə gəlməyə müvəffəq olmuşdur.
“Tikdim ki, izim qala” poemasının sonluğunda belə bir beyt var:
“Mən yazdım ki, gələcəkdə qoy çıxmasın yaddan onlar,
Mən yazdım ki, onlar kimi, bir iz qoysun bu insanlar.”
Məncə, bu iki misra şairin bütünlükdə məqsədi, məramı haqqında bizə tam və dolğun məlumat ötürmək iqtidarındadır.
Şeirlər bölməsində yer almış müəllifin məşhur “O şeiri bir də söylə, Ərdoğan” şeirindən bu bəndə diqqət edək:
“Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi ayaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!”
Bu misraları oxuyanda qeyri-iradi şair Süleyman Rüstəmin “Təbrizim” şeirini xatırladım. S.Rüstəm bu dərddən, bu nisgildən, bu əsarətdən nə qədər üstüörtülü, xüsusi eyhamla, yana-yana, qovrula-qovrula söhbət açırsa, müasirimiz, dahi söz ustadlarının layiqli davamçısı olan şair Aqşin Hacızadə bir o qədər açıq şəkildə, ədəbi etikanın yol verdiyi ən son həddə - əndazə çərçivəsində hayqıraraq öz səsini ucaldır, vətəndaş, soydaş, ziyalı, qələmdar münasibətini bildirir. Digər şeirlərində və həmçinin publisistik yazılarında döyüş meydanlarında şücaət göstərmiş vətən övladlarının qəhrəmanlıqlarını böyük ustalıqla qələmə alır. Bu gün gözlərimiz önündə baş verənləri özünün yuxarıda təqdim etdiyim beyitində qeyd etdiyi kimi, gələcək nəsillərə ötürmək, çatdırmaq məqsədilə məharətlə salnamələşdirir. Bu müqəddəs amal uğrunda söz cəbhəsində xüsusi şücaət, qəhrəmanlıqlar göstərən qələm adamı, şair Aqşin Hacızadəyə şəxsən öz adımdan, vətənpərvər ziyalılarımız, vətəndaşlarımız adından təşəkürümü bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRXINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
“O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” – Aqşin Hacızadə
OTUZ DOQQUZUNCU YAZI
(…bir şeirin sorağıyla…)
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!
“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.
Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.
Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur…”
Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun – “Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.
“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır…”
Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə- şeiriyyət aləmi” adlı maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.
Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.
Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda, sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur…” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: – “…Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeirini sizlərə təqdim edirəm:
O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!
(“…Zor ilə ayırdılar….” Ərdoğan)
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran, *
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun, *
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Qeydlər: 1. Müqəddəs Quran kitabı.
2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri. 12.12.2020.- Bərdə ş.
Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etməkdən ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:
Füzuli virandı, izi qalmayıb,
Ağdamın adı var, özü qalmayıb.
Yaram var sinəmdə, yox, sağalmayıb,
Xocalım inləyir, Şuşam can verir,
Vətən oğullara silahlan deyir.
Və ya
Söyləyə bilmirəm dildə arzumu,
Ağzımdan alırlar halal ruzumu.
Özüm öz əlimlə tutub ağzımı,
Boğula-boğula yaşayıram mən. * * *
Narahat çırpınır rahatlıq tapmır,
Hər əlim yetənə ürəyim yatmır,
Ürəyim deyənə əllərim çatmır,
Yaxıla-yaxıla yaşayıram mən.
Digər bir nümunə
Bu dil mənim dünyada Türklüyümü bildirir,
Cürətimi, əzmimi, sərtliyimi bildirir.
Neçə ağır döyüşdə mərdliyimi bildirir,
İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim.
Ay mənim doğma dilim, ay mənim ana dilim.
Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:
Gen gün üçün qoçumuz çox,
Şirinindən acımız çox.
Günahımız, suçumuz çox,
Tanrı bizi bağışlamaz. * * *
Nə qədər ki, qalxmamışıq,
Ələ silah almamışıq,
Yurda övlad olmamışıq,
Tanrı bizi bağışlamaz.
Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçünAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.
Hələlik bu qədər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ DOQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 15.10.2021, say: 27 (418), s.14.
2. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 19.10.2021, say: 36 (2321), s.15.
3. “Zaur Ustac – O şeiri bir də söylə, Ərdoğan”, “Yazarlar” jurnalı, 11 (11), s.9 - 18.
Salam olsun, çox dəyərli oxucum! Bu görüşə görə Böyük Allaha minnətdarlığım sonsuzdur! Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər onsuzda aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evə qapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər. Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır.
Xüsusi ilə son günlərdə hər çıxışda, hər görüşdə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışların fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub. “Qloballaşma”, “kosmopolitizm” kimi bəzək-düzəkli ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Bu hansı tərəfdən baxırsan, bax mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Bu yöndə faydallı olmaq üçün söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. İlk öncə onu qeyd edim ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda uşaq kimi kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib). Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vasitədir. Bu kitab möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.
QISA ARAYIŞ
… Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir:
-Elmlərdən xəbərdar olduğum zaman, mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən, elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.
Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini hər zamandan artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə, hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım… Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.
Uşaqlara üz tutub belə nəsihət verirəm:
Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir .İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar.
Belə adamların sözləri bizə nəsihətdir:
Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə … Sonra böyük qardaşına, bacı, əmi və dayına da itaət elə!
Hər kəs vəzifədə elmdə və yaşda səndən böyükdürsə ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.
Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışanadamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.
Və bu ardıcıllıqla nəsihətlər davam edir. Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə, gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqət çəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:
Birinci əsas səbəb Abbasquluağa Bakıxanov Qüdsi sıradan bir adam deyildi. O əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.
Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan bu kitabdan “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.” üçüncü və “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.” dördüncü nəsihətləri xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm. Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı kimi “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”. Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.” tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu belədir və nə qədər Azərbaycan var, belə də olacaqdır! Əksini düşünənlərin fikrinə hörmət edirəm, ancaq, belələrinə aramızda yer yoxdur və heç vaxt olmayacaqdır!!!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, həyatda uğurlarınız bol olsun deyirəm. Hələlik. İnşəAllah bu mövzu davam edəcək. Yenidən görüşmək ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Salam olsun, dəyərli oxucum! Bu görüşü bizə ərməğan etdiyinə görə Böyük Alaha şükürlər olsun! Sizlərlə yenidən həmsöhbət olmaq çox xoşdur! Bu dəfə söhbətimizin mövzusu əlinə yenicə qələm almasına baxmayaraq, artıq kifayət qədər uğura imza atmış gənc qələmdar barəsində olacaq. Haqqında söhbət açacağımız gənc yazar qısa müddət ərzində öz imzasını tanıtmağı bacarmış, ədəbi cameədə sözünü deməyə başlamışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu dəfə sizinlə bir az hüznlü, gərgin, amma bir o qədər də romantika dolu dünyaya səyahət edəcəyik. Bu dünyanın balaca fidanı xəzan olan yarpaqların arasında öz qələmini tapmış və ondan bərk-bərk yapışıb dikələrək, bu qələmin gücünə bələd olduğundan ona söykənib var gücü ilə, səsi gəldikcə, sözü yetdikcə; “…ey kor olmuş dünya, mən də varam” – deyə hayqırmaqdadır. O qələm onu çox fırtınalarla qarşılaşdırmış, o kiçik, məsum ürəyində od qalamışdı. Bu odun qor götürdüyü ocaq bəşəriyyətin söz məbədinin müqədəsliyinə müqədəslik qatan piraninin piridir. Bu od hərdən sönsə də, hər dəfəsində yenidən daha güclü alovlanmışdır. Alovlanmış və daha da gurlanaraq sönməmiş, əksinə parlaqlığını artırmışdır. Bu od o ocaqdan rişələnib ki, çoxlarımız qiyabi də olsa bu barədə məlumatlıyıq. Bu od o ocaqda, o məbəddə alovlanır ki, onun nə vaxtsa sönməsini heç birimiz istəmərik. Əksinə bu yazını oxuyandan sonra çoxunuz mənimlə razılaşacaqsınız ki, hamımız bu ocağın qorunu, alovunu mühafizə etməli, onu qorumalı daha da gur alovlanmasına, zülmət dünyamızı işıqlandırmasına, soyuq dünyamızı isitməsinə kömək olmalıyıq. İndi sizi bu müqəddəs məbədin ocaqdarı ilə tanış etməyin vaxtı çatmışdır. Bu müqəddəs məbədin indi-indi alovlanmağa başlayan qoru, bu qoca çinarın yeni pöhrəsi, fidan balamız, gənc yazar, dahi söz ustadı İsa Muğanna ocağının, irsinin varisi, qoruyucusu, daşıyıcısı Səma Muğannadır.
Qısa Arayış:
Səma Muğannna (Ağazadə Səma Elbrus qızı) 2006-cı il martın 2-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Babası “İstiqlal” ordenli Xalq yazıçısı İsa Muğanna kiçik yaşlarından Səmanın tərbiyəsi ilə məşğul olmuş, onda ədəbiyyata maraq oyatmışdır. Hal-hazırda Səma 189-190 saylı orta məktəbin 10-cu sinfində təhsil alır, 3 kitab müəllifidir, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür, “Ulduz” jurnalında, “Ədəbiyyat və “Kırımın səsi” qəzetlərində, eyni zamanda müxtəlif saytlarda əsərləri işıq üzü görmüşdür. “Ziyadar” Mükafatı laureatıdır.
Səma Muğanna ilə mənim tanışlığım “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabı ilə olub. Kitab adı ilə diqqətimi çəksə də oxuduqdan sonra bu gənc müəllifin söz dünyası, düşüncələri fikrimi məşğul etməyə başladı. Daha sonra “Göyərçinin qəribə sevgi hekayəsi”, “Lal şəhərim” və digər kiçik həcimli yazıları ilə tanış olduqca hər şey mənə məlum oldu. Söz dünyası, bədii ədəbiyyat öz yeni tacidarını qarşılamağa hazır olmalıdır. Söz səltənətinin yeni sultanının tacının parıltısı artıq ədəbiyyat üfiqlərində görünməkdə, atının ayaq səsləri isə eşidilməkdədir.
Əgər bir az da dərinə gedib, Səmanı daha yaxından tanımağa çalışsaq, bu körpə fidan bala qələminin varlığına sarılaraq ayaqda qalmağı bacarıb. Kiçik dünyasında rəngarəng göy qurşağını kiçik ev edib, o evin də, küçənin də ən şirin nəğməsi olub. Bu nəğmə böyüdükcə səsi ətrafı da ovsunlamış və ovsunlamaqdadır.
Səsdən söz düşmüşkən, sözün əsl mənasında Səma həmdə məlahətli səsə və özünəməxsus ifa tərzinə malik qiraətçi kimi də özünü uğurla sınayır.
Bütün bu sadaladıqlarımızın hamısı Səmada ilkin mərhələdə, işartı formasındadır. Ancaq, ondakı əzim və bir də söykəndiyi soy-kök onu deməyə əsas verir ki, biz çox parlaq bir gələcəyi olan söz adamı, yazarla müasirik.
Səmanın yaradıcılıq dünyasına səyahət etdikcə qəlbləri riqqətə gətirən səhnələrlə tanış oluruq. Qələm sahibinə rəğbətimiz artır.
Səma həyat eşqini, duyğularını, yaşadıqlarını sadəcə qələmə almır. O bəlkə də şəxsən onun özünə aid olanları böyük ustalıqla ümumiləşdirməyi bacarır. Öz yaşıdlarının, bəzən (çox vaxt) isə hətta yaş və digər stereotipik baryerləri aşaraq bütün insanlığın, cəmiyyətin problemlərini uğurla qabarıq şəkildə təqdim edir. O bütün varlığıyla sarıldığı qələmini barmaq uclarıyla izləyərək yazır. O qələminin sözünü dinləyir. Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır. Qələminin sehrini izləyən oxucusu bu yalan, fani dünyadan ayrılıb, onun sevgi dolu dünyasına səyahət edir. Səmanın qeyri-adi, sehirli söz dünyasına düşmüş oxucu həyata tamam başqa gözlə baxmağa başlayır. O dünyadan bu dünyaya yeni əhval-ruhiyyədə qayıdır.
Səmanın söz aləmində uğurlar qazanmasında rol oynayan ilk olaraq babası İsa Muğanna və ailəsi olub. Bu körpə fidan bala dünyaya göz açdığı ocaqda ədəbiyyat qoxusunu duymuş və qələmi əlinə almışdır. Təbii ki, onun yanında dəstəkçiləri də olmuşdur və bu gün də var. Günəş olmadığı zaman Ay Yeri işıqsız qoymadığı kimi, İsa Muğanna yoxluğunda Səma Muğannanın da muğannasevərləri sözsüz qoymayacağına əminik.
Son olaraq Səmaya onu demək istəyirəm ki, əzizim Səma başlanğıc mükəmməldir! “Sükanı belə saxla!” Bax, beləcə davam et! Daim öz üzərində işlə! Biz ədəbiyyat üfiqlərində sənin timsalında yeni bir günəşin doğduğuna inanırıq. Sənin boynuna düşən bizim yanılmadığımızı sübut etməkdir. Bu keşməkeşli, çətin ancaq, şərəfli yolda uğurların bol olsun!
Sona qədər həmsöhbət oduğunuz üçün təşəkkür edirəm. Böyük Allahın yardımı və izni ilə yenidən görüşənədək! Allah amanında.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
SÖZ MÜLKÜMÜZÜN CƏNUB QÜTBÜ
OTUZ YEDDİNCİ YAZI Əsəd Cahangirin 55 illiynə Bu məsələni Əsəd müəllimin özünə də, onun olmadığı məclislərdə də dəfələrlə demişəm. O mənim kitabdan, yəni yazılı mənbədən deyil, ekran-efirdən tanıdığım, söhbətindən nələrisə öyrəndiyim, zövq aldığım dörd şəxsdən biridir. Mənim maraq dairəmdə olan söz dünyasının dörd qütbü, cəhəti və ya dayağı varsa, onun biri Əsəd Cahangirin düşüncəsinin məhsulu, onun ruhunun süzgəcindən keçmiş söhbət – Əsəd Cahangir sözüdür.
Oxucunu maraqda qoymamaq üçün və eyni zamanda, Əsəd müəllimin özünə də bu barədə dəfələrlə dediyimə görə, digər qütblərdə daynan şəxsləri də burda qeyd etməyi özümə vacib bilirəm. Mənim özüm üçün qurduğum söz-söhbət dünyasının şimal qütbündə Akif Əli, şərqində Sayman Aruz, qərbində Hamlet İsaxanlı və cənubunda Əsəd Cahangir dayanır. Yəqin sizdə də belə sual yarandı ki, niyə məhz cənub? Əsəd müəllim özü də yarızarafat, yarıciddi bu sualı dəfələrlə verib: “Niyə məhz cənub”?
Qiyabi olaraq, ekrandakı söhbətlərindən tanımağa başladığım, sonra əyani olaraq canlı nitqini dinlədiyim, daha sonra yeri gəldikcə sosial şəbəkələr üzərindən, telefonla, müxtəlif tədbirlərdə, görüşlərdə canlı söhbətlərdə dostlaşdığım, nəhayətdə, söz-söhbət dünyamın bir qütbünü etibar etdiyim söz mülkünün cahangir əsədi Əsəd Cahangiri özüm tanıdığım kimi sizlərə təqdim etməyə, tanıtmağa, daha doğrusu, anlatmağa məhz bu sual üzərindən başalayacam.
Əsəd Cahangir öz qayğısız uşaqlığnı kənddə, qayğılı gənclik illərini isə şəhərdə keçirmiş, özü-özünün içində bişib, formalaşmış şəxsiyyətdir. Onun kənddə keçən uşaqlığı dünyanı lap təməlindən anlamağa, söz ehtiyatını ən aşağı məişət dili səviyyəsindən, uşaqların, qocaların dilindən toplamğa vəsilə olmuşdur. O sanki silahı söz olan ordunun Generalı rütbəsinə bu orduya sıravi əsgər kimi qatılaraq savaşa-savaşa, qələbələr qazana-qazana müzəffər bir sərkərdə kimi gəlib çıxmışdır. Xahiş edirəm, şişirtməyə, əsassız tərifə yol verir deyə, şeytan sizi burda yanıltmasın. Həm indi, həm bütün söhbət boyu Əsəd Cahangirin dörd cəbhədən yalnız birinin komutanı olduğunu unutmayaq. Uşaqlığını onun gələcək fəaliyyəti üçün faydalı ola biləcək bir mühitdə keçirən Əsəd Cahangir, həyatın ikinci mühüm mərhələsini tamı-tamına napaleonsayağı keçirib desək, yanılmarıq. Gündəlik həyatdan baş çıxarmaq məcburiyyətində qalan, kitabların içində itib-batan gənclik…
Sizcə, bütün bunlar faydasız ola bilərdimi? Əlbəttə, xeyr! Əsəd Cahangir özü də bunu yaxşı bilirdi. Çünki istər fizika kimi dəqiq elmlərin qanunları, istər nənə-babaların nəsihətləri, istərsə də daim onu öz cazibəsində saxlayan – predmeti insan beyni, düşüncəsi olan – real fəlsəfə bunu ona daim diktə edirdi. Gənc Əsəd hələ 18-21 yaşlarında dünyanı tam dərk edib, onun minimum, ən az sayda neçə bucaq ola biləcəyini anlamış və Herakl kimi çiyinlərini onun altına verə biləcək cəsarəti, gücü-qüvvəti özündə tapa bilmişdir ki, bu hər bir şəxsin həyatında mühüm, bəlkə də, ən vacib məqamlardan biridir.
İnsan zamanında həyatı anlamalı, onun mahiyyətini ən azı ilkin təəssüratlar şəklində olsa da, qəbul etməyi bacarmalıdır. Dünyanı, həyatı tam olaraq qəbul edə bilməyi sayəsində Əsəd Cahangir özünü cəmiyyətə tam, bütöv şəxsiyyət kimi təqdim etməyi bacarıb. Bu fikri burada kiməsə xoş olsun deyə deyil, məhz belə olduğu üçün, altını cızaraq qeyd edirəm. Məsələn, Əsəd Cahangir başqa birisi kimi, “…əşşi, beşgünlük dünyadır, öldün getdin, dünya bitdi…” düşüncəsinə sahib olsaydı, onun nə yaradıcılığı, nə də bir fərd olaraq şəxsiyyəti bu cür formalaşmazdı. Və bu gün biz başqa biriylə – Əsəd Cahangirlə deyil, sadəcə, Əsədov Əsəd Cahangir oğluyla müasir olardıq.
Mənim söz dünyamın cənub qütbünün himayəsini üstlənmiş Əsəd Cahangir bütün bunlardan, dünyanın gərdişindən halidir. Və o bunu hər kəlməbaşı oxucusuna, dinləyicisinə andırır, xatırladır…
Əsəd Cahangir mənim tanıdığım, qəbul etdiyim söz dünyasının cənubunda hər gün cilalanan, gündən-günə parlaqlığını artıran bir mayakdır. O bu söz dünyasında yolunu azanları, səmtini itirənləri sanki qiblənamə rolu oynayaraq doğru yola, düz istqamətə böyük ustalıqla yönəldir.
Bu yazını Əsəd Cahangirin 55 illik yubileyi münasibəti ilə qələmə alıram. 55-in özündə də bir hikmət var. Bu yaş tamlığın, vahidin, bütövlüyün, bərabərliyin simgəsidir. Əsəd Cahangir bu zirvəni fəth edərkən həm cəmiyyətin bir fərdi – insan, həm də ziyalısı, düşüncə adamı kimi tam formada olan şəxsiyyətdir. O şifahi, söz, ruh aləmində nə qədər idealistdirsə, yazılı, mətn, real həyatda o qədər materialistdir. O çılğın olduğu qədər sakit və dərin düşünəndir.Mənim tanıdığım, sizlərə də tanıtmaq istədiyim 55 yaşlı Əsəd Cahangir budur.
Yeni yaşınız qutlu olsun, Əsəd müəllim. Böyük Allahdan sizə uzun və sağlıqlı ömür, bütün fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Sözünüzə Nəsimi ucalığı, fikirlərinizə Bəhmənyar mütəhərrikliyi yoldaşlıq etsin İnşəAllah!
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
(Fazilova (Rəhimova) Nuranə Rafail qızı yaradıcılığı haqqında)
Salam olsun, çox dəyərli oxucum. Şükürlər olsun Böyük Allaha ki, sizlərlə daha bir görüş payı qismətimiz oldu. Söhbətimizin əsas qayəsi, məqsəd-məramı ədəbiyyat üfiqlərində yenicə parlamağa başlayan, ziyasından həm danın sökülməsini, həm də qürubun bitməsini gözləyənlərin eyni dərəcədə nur alıb, hənirtisinə isinə biləcəkləri ziyadarı sizlərə təqdim etməkdir. Lakin söhbətə başlamazdan əvvəl bir məsələyə toxunmağı özümə borc bildim. Əslində bu yeni məsələ deyil. “Yazarlar və yazılar”, “Təranə Məmmədin Toru”, “Çağdaş örnək yazarlar” və digər yazılarımda, ümumiyyətlə ədəbiyyatdan, müasir yazarlardan söhbət düşən məclislərin çoxunda bu barədə söhbət etməyi daim özümə borc bilmişəm. İndi də əsas məsələyə, yəni Nuranə Rafailqızının təqdimatına keçməzdən əvvəl bu məsələyə qısa münasibət bildirmək istəyirəm. Hal-hazırda tanıdığımız söz adamlarını iki müxtəlif baxış bucağından qısa dəyərləndirsək, belə bir mənzərə ilə rasatlaşırıq. Müasirimiz olan, artıq kifayət qədər ölkə və hətta onun hüdudlarından kənarda kifayət qədər tanınmış yaşlı nəslin nümayəndələri. Müstəqillik dövrümüzün ilk illərindən tanınmağa başlayanlar və artıq tanınmışlar. Hələ sovet dövründən yazmağa başlayanlar və müstəqillik dövründə onlara qoşulmuş gənclər də daxil olmaqla bir qrup yazarlar da var ki, onların yazdıqlarının keyfiyyətindən asılı olmayaraq tanınmayanlar və ya olduqca məhdud çərçivədə tanınanlar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci maraqlı tərəfi məhz bu təbəqələşmənin formalaşmasında mühüm rol oynayır. Yuxarıda üç qrupda təsnifatlaşdırdığımız yazarları indi ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci ədəbiyyatçılar, yazarlar, ən azı mətbuatla az-çox əlaqəsi olan şəxslər arasında, yetkin ədəbi mühitdə formalaşan qələm adamları, ikinci isə ədəbiyyatla heç bir əlaqəsi, heç filoloji təhsili də olmayan, heç bir ədəbi əhatəsi olmayan, olduqca müxtəlif peşə sahiblərindən ibarət yazarlar qrupu. Onların nə, hansı keyfiyyətdə yazmağından asılı olmayaraq bu iki mühüm amil yazarlarımızın yaradıcılığına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu yazının üzdə görünməyib, özülündə dayanan əsas məqsədi məhz bu təsiri azaltmağa xidmət etməkdən ibarətdir. Çünki, sizlərə təqdim edəcəyim çox istedadlı qələm adamı, söz mucidi, sözlərlə zərgər dəqiqliyi, cərrah həssaslığı ilə davranan Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb. Onun yaradıcılığına keçməzdən əvvəl istərdim ki, həyat yoluna qısa bir nəzər salaq.
QISA ARAYIŞ:
Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz açmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuşdur. “Həyat bizi səsləıyir” anologiyasında yer almışdır. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur. Nuranə Rafailqızı eyni zamanda KİV tərəfindən “Fəxri şair” diplomuna layiq görülüb.
Yuxarıda sadaladığım obyektiv və subyektiv səbəblərdən qaynaqlanaraq yaranan təqəqələşmə və qruplaşmaların aradan qaldırılmasında, bu mümkün olmasa belə ən azından nəticələrin xəfifləşdirilməsinə öz töhfəsini verə biləcək yeganə vasitə təmənnasız, heç bir əlavə məqsəd güdməyən, ilham mənbəyi, qaynağı söz olan ədəbi tənqid ola bilər…
Keçək əsas məsələyə. Kimdir? Nədən yazır, Nuranə Rafailqızı? Şair haqqında qısa arayışdan da görürük ki, Cəmiyyətdə formalaşmış və ya bilərəkdən bu cür təqdim olunan “əlində bir peşəsi olmayan şairlikdən yapışır” fikrinin əksinə olaraq görürük ki, Nuranə xanım ən vacib və belə demək mümkünsə prestijli peşələrdən birinin sahibi – həkimdir. Günümüzün reallıqlarına baxsaq “başını qaşımağa vaxtı yoxdur…”, ancaq şeir yazmağa zaman ayıra bilir. Yəni əslində şeir özünü yazdıraraq, həkimin vaxtını alır. Onu yorğun iş saatlarından sonra gecələri də yatmağa qoymur, qəlbini sızladır, ruhunu titrədir, misra-misra doğulur, böyüyür, qayğı-diqqət tələb edir. Onu incidir, yorur… Səhifə-səhifə, kitab-kitab həkim olmuş adamı söz-söz, misra-misra şair edir. Bu taledən qaçmaq mümkündürmü?! Böyük qətiyyətlə və tam əminliklə bu suala belə cavab verirəm ki, xeyr, bu əsla mümkün deyil. Ruha hopmuş kəlmə-kəlmə şeir, bətnə damla olaraq düşmüş döl, kürəyə damcı-damcı dolmuş su kimidir. O, öz məqamında mütləq zühur etməlidir. Deməli, belə nəticəyə gəlirik ki, şeir yazmağın, şair olmağın bu həkim xanıma gətirdiyi bütün məhdudiyyətlər və məhrumiyyətlər müqabilində bəxş etdiyi yeganə mənfəət könül rahatlığı, ruh sakitliyidir. Sizcə bu əzab-əziyyətə dəyərmi? Əgər bu qədər müxtəlif peşə sahibləri özlərinin, ailələrinin ruzisini qazanaraq, gündəlik keçimlərini sağladıqları sənətləri ilə yanaşı ikinci ağır və məsuliyyətli bir işin altına girib əlavə öhdəliklər götürürlərsə,deməl,i burada bir hikmət var.
Nurənə Rafailqızının yazdıqlarına qısa bir nəzər yetirək. Məsələn, “Mənəm!” şeiri bax elə başlayır:
Bir ev var ki, uzaqlarda
hasarı yox, çəpəri yox.
Nə gələni, nə gedəni,
nə qalan bir nəfəri yox.
Bu günəşdən, bu səmadan,
bu həyatdan xəbəri yox
toz basmış, kifə bürünmüş
Bax,
həmən o otaq mənəm…
Bu misraları əbəs yerə seçmədim. Nuranə Rafailqızının özünü oxucusuna təqdim etdiyi “mən” bu nümunəyə qədər danışdığımız bütün məsələlərlə müəyyən dərəcədə bağlıdır. Bu misralarda müəllifin təqdim etdiyi “mən” ilk baxşda bir şəxslə bağlı görünsə də, əslində bu belə deyil. Bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba və s. və i.a. uzanaraq, sicilləmə bir siyahı yarada bilər.
Və ya digər bir misala nəzər salaq. “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində Nuranə Rafailqızı yenə yuxarıda toxunduğumuz bütün məsələlərdən söhbət açır. Şairin ifadələrində bu qədər dəqiq olması onun dəqiqlik və həssaslıq tələb edən peşəsindən qaynaqlandığını düşünmək olar. Ancaq yenə və yenə arzu, istəkləri nə qədər fərdiləşdirmək istəsək də onlar hamısı ümumidir. Yəni şair Nuranə Rafailqızının yazdıqlarını yalnız həkim Fazilova (Rəhimova) Nuranə Rafail qızını narahat edib, onun şəxsinə aid məsələlər kimi xarakterizə etmək böyük yalnışlıq olardı. Aşağıdakı arzu və istəklərin xalqın içərisindən çıxmış, hər gün onlarla ayrı-ayrı şəxslərlə ünsiyyətdə olub, istər-istəməz onların da dərdləri ilə yüklənən bir loğmanın, təbibin uca Yaradandan ümumi təvəqqesi kimi səslənir:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…
Əgər şairin ” Bircə sən yoxsan dünyamda” adlı şeirinə diqqət yetirsək, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirdəki fikirlərin davam etdiyini, sonsuz mənəvi ehtiacların ödənməsində bütün maddi aləmin gücsüz qaldığını görürük:
Hər şeyim var..
Başımı salmağa evim-ocağım,
Qısılıb yatmağa küncüm-bucağım.
Halal zəhmət ilə rahat çörəyim,
Bir kitab yazacaq odlu ürəyim.
Bircə sən yoxsan dünyamda,
Yalnız arzumdasan, yalnız xülyamda…
Hər şeyim var…
Qızılım, mirvarim, incim-sədəfim,
Əqidəm, imanım, yönüm, hədəfim.
Başımın üstündə duran Allahım,
Xoşbəxt gələcəyə gedən sabahım.
Bircə sən yoxsan dünyamda,
Elə ona görə də
heç nə görünmür gözümə,
Bəzən, özüm də yad gəlirəm özümə…
Bircə sən yoxsan dünyamda,
Bircə sən yoxsan deyə
dağılır dünyam da…
Şair Nuranə Rafailqızının kim olub, nədən necə yazdığı aşağıdakı nümunələrə nəzər saldıqda daha aydın görnr. Dünyanı bürüyən pandemiya şəraitində həkimlərin fiziki, zehni və həmçinin də duyğu yükünun nə qədər artdığının şahidi oluruq. Bu yerdə qeyd edim ki, Nuranə xanım xəstəliyin aşkarlandığı ilk günlərdən Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq Covid -19 virusuna yoluxmuş xəstələrə stasionar həkim kimi yorulmadan xidmət edir.
Kimi cavan, kimi qoca,
kimi körpə qucağında.
Bir havanın həsrətində,
bir nəfəsin sorağında.
Gecələri sakit-səssiz
xəstəxana otağında
Sübhə kimi cırıldayan
bax həmən o,
yataq mənəm!
Bəli, məhz vəzifə borcunu yerinə yetirməkdən əlavə, sübhə kimi uyumayan, narahat xəstələrin yerinə özünü qoymaq, əsl vicdanlı həkim, duyarlı şair ürəyinin bariz nümünəsidi!…
Nuranə xanımın yaradıcılığina geniş nəzər salsaq onların arasında zaman-zaman, torpağına, yurduna bağlı vətəndaş:
Elə ki, mən boy atdım,
yeridim addım-addım,
Anam tutub əlimdən,
bu daşı, bu torpağı,
bu otu, bu yarpağı,
yaşadığım küçəni,
qızındığım ocağı
Göstərib Vətən deyib!
Övladına bağlı, qayğıkeş, Ana:
Böyü, boy at, adın-sanın
qoy yayılsın eldən-elə!
Sən doğmusan həyatıma,
dərdim yoxdu günü bu gün
ölsəm belə, ölsəm belə!
Bəzən səs-küydən qaçıb tənhalığına sığınan qələm sahibi:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu!
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar…
bir az səssizlik, bir az sənsizlik…
Hərdən həkim, hərdən xəstə:
Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb.
Dünyada adam qalmıyıb,
sonuncu adamı qaçıb!
Gecələr yuxum da qaçaq,
yorğan-döşək gəlir cana,
Elə hey dönüb, dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım
Öz evimdə dəfn olmuşam,
daş məzarım, daş otağım…
Qurda-quşa ehtiyac yox,
öz içim özümü yeyir!
Mən deyirəm, kefim yoxdu!
Həkimlər, depresiya deyir…
Atasının itkisi ilə barışmayan övlad:
Bu ayrılıq uzun oldu, bitmədi…
Əzrayıla xəbər saldım, yetmədi!
Nə sən gəldin…Nə də qızın getmədi.
Səndən sonra…
Dost yolunda can qoyan, etibarlı dost:
Sədaqət örpəyi, etibar əyni,
Deyim, pozulmasın dostun eyni.
Baş qoyub gülməyə yarımınçiyni,
Ölməyə dostumun qucağı gözəl!
Dünyadan üz çevirib, Tanrıya üz tutan filosof:
Əzab çəkir içimdəki dəli ruh,
Biləmmirəm nə savabdı, nə günah?!
Aç göylərin qaş-qabağın biryolluq,
Bulud qoymur səni görüm, ay Allah!
Hərdən təbiət aşiqi:
Baxıb sərv boyuna, şux duruşuna,
Lap heyran olmuşam adi daşına.
Dumandan örpəyin atıb başına.
Mat qaldım dağların ismətinə mən!.
Hərdən də uşaq kimi saf, zərif bir qadın:
Mənə bir az nağıl danış,
bədheybətin sarayından.
Bəxtimə yaman az düşüb,
nənəmin noğul payından.
Yaxşıları xoşbəxt elə,
pisləri çək sonda dara!
Mən hələ də, uşaq kimi
inanıram nağıllara…
Duyğularım, istəklərim
darma-duman, qarma-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!..
obrazlarına rast gəlmək olar.
Biz işinin ustası peşəkar həkim, hər kəlməni bir-bir ruhunun süzgəcindən keçirən sevimli şair Nuranə Rafailqızının uzun və şərəfli bir yaradıcılıq yolunun başlanğıcında olduğuna, onun bir-birindən dəyərli sənət əsərləri ortaya qoyacağına inanırıq. Yəni onun bütün gələcəyi, həyatı, yaradıcılığı hələ qarşıdadır. Şübhəsiz ki, bu belədir.
Onu da qeyd edim ki, mən bu yazını “Kredo” qəzetinin növbəti sayı üçün yazarkən Nuranə Rafailqızının “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı artıq nəşr üçün hazırlanır. Kitab çap olunana qədər qəzetimizin növbəti saylarında Nuranə Rafailqızının qəlbləri riqqətə gətirən şeirlərindən bir neçəsini diqqətinizə təqdim edəcəyik. Nuranə xanıma yaradıcılığında və bütün digər fəaliyyətlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Nuranə xanım! Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlər! Sağ olun!
24.07.2021. – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
“MƏN EŞQ ATƏŞİYƏM” - VAHİD ÇƏMƏNLİ
OTUZ BEŞİNCİ YAZI
Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını “... Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah...” belə bir arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi...
QISA ARAYIŞ
Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”, “Nə ömürdü yaşadım”, “Hər şey yaxşıya doğru”, “Bu yay da belə keçdi” ... kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.
Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3 il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu... Şairin söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi... Uzun illər Vətən, doğma yurd həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”, “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı... Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi. Hansı ki, hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq...
Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb. Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;
Bu, eşq atəşidir, sönən yeri yox,
Ayrılan yolların dönən yeri yox.
Elə öyrənmişəm mavi göylərə,
Ruhumun torpağa enən yeri yox...
deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.
Və ya
Gəldin, yenə gördük gülər üzünü,
Əlləri xonçalı, gözü nəm Bahar.
Qocaman yurdumun övladlarını
Tonqalın başında etdin cəm Bahar.
həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır... Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.
Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;
Gəlişin çox ağır zamana düşdü,
Ömrümüz naqafil dumana düşdü.
Vahidin ürəyi gümana düşdü,
Sevinci bir azca oldu kəm, Bahar!..
sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “...bu xəmir hələ çox su aparacaq...” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf hissi keçirir.
Ancaq,
Vahid, sözlərini nizama düz çək,
Tikanın üstündə bitsin gül-çiçək...
Ayıq ol, deməsin hər ağzıgöyçək,
Şirini qatırsan şora yazırsan.
qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;
Mən bir od parçası,
Sən bir ovuc su,
Töküldün üstümə, cızdağım çıxdı.
Olanım, qalanım bir can qorxusu,
O da sönüb getdi, gözdağım çıxdı.
İçi boş olanda güyüm səs edər,
Ürək güyüm deyil səs sala, gülüm.
Odu söndürməyə suyun bəs edər,
Qorxmursan, ürəyin boşala, gülüm?
Soyuq ilan kimi sarılar sənə,
Qalan təpərin də candan tez çıxar...
Mən eşq atəşiyəm,-
Sönsəm də, yenə
Külümün altından təzə köz çıxar.
deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.
Bu kitabda toplanmış şeirlər də Hacı Vahid Çəmənli yaradıcılığına xas olan hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.
Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.
Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “... Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah...” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.
06.06.2021. – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1. Zaur Ustac – “Mən eşq atəşiyəm”(Vahid Çəmənlinin 65 yaşına), “Xəzan” jurnalı N 3 (34) İyun-İyul 2021-ci il s.48-49.
Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.
Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.
May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.
YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.
Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…
Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),
QURBAN BAYRAMOVUN KİTABI.
“Lirik qəhrəman və zaman” (1986)
QURBAN BAYRAMOVUN KİTABI.
kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.
Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.
QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.
Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
Ruhu şad olsun böyük şairimizin…
Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…
Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ DÖRDÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:
1. “Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ” Yubiley təbriki, “525-ci qəzet”, 27.05.2021, say: 92 (5658), s.13.
Şükürlər olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.
Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz adı ilə keçək mətləbə.
Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…
Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində“Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…
Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.
QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir. “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.
Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.
Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.
Əziz dostlar, əminəm ki, necə mən yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlayacaqsınız.
Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.
Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Uğurlarınız bol olsun, Araz müəllim!
10.04.2021 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ ÜÇÜCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü
OTUZ İKİNCİ YAZI
Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.
Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.
İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.
QISA ARAYIŞ. . Əli bəy AZƏRİ (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.
O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.
Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.
Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.
HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏ, ƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.
PARALELLƏR
Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…
O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”
Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.
Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.
MƏZMUN
Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.
Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.
ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK
Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.
VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX
Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.
Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.
Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?
“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.
“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.
Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…
Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…
Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.
Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.
HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.
Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.
1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.
Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.
ƏSƏRİN ƏHƏMİYYƏTİ
Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi Zəngilandadır. Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.
Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!
Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…
And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!
04.04.2021 – Bakı.
QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.
İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.
Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!
Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.
Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?
HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.
Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.
Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.
Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…
Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…
Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:
10.02.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
“Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
QISA ARAYIŞ
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
30.12.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha ki, bu görüşü də bizə qismət etdi. Bu dəfə söhbətimizin mövzusu görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqında olacaq. Öncə qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur.
Cari ildə bu gün 5 oktyabra təsadüf edir. Deməli, 5 oktyabr 2020-ci il dünyada Memarlar Günü kimi qeyd olunacaq. Biz də “Yazarlar” jurnalı və “Ustac.az” olaraq bu günə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, hələ 2018-ci ildən davam edən (21 aprel 2022-ci ilə qədər davam edəcək) “Kərəmli-700” layihəsi çərçivəsində tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy Kərəmli haqqında qısa bir məlumat vermək istəyirəm.
QISA ARAYIŞ:
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Şirvani (onu Avropada və Rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini doğma yurdu Şamaxıda almış və memarlığı özünə məslək edərək, üzünü mədəniyyətin beşiyi sayılan Şərqə tutmuşdur. Onun bu səfəri uğurlu alınır. Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə məşhurlaşır və artıq tanınmış memar kimi vətənə dönür. Az sonra Şimala üz tutur və bu dəfə Krımda Bağçasarayda gördüyü işlərlə diqqət mərkəzinə düşür. Bu işi tamamladıqdan doğma Şamaxıya qayıdan memar az bir müddətdən sonra yenidən Şimala getməli olur və özünün son əsərini – günümüzdə də dünyaca məşhur olan Moskva Kremlini tikib təhvil verir. Elə bu münasibətlə təşkil olunmuş ziyafət zamanı – 22 iyun 1371 – ci ildə Moskvada xaincəsinə öldürülmüşdür.
Qarşıdan gələn 2022-ci ildə böyük memarın anadan olmasının 700 illi tamam olacaq. Qeyd etdiyim kimi, biz bu tarixi nəzərə alaraq artıq 2018-ci ilin yay aylarından “Kərəmli-700” layihəsi başlatmışıq və bu gün də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Mütəmadi olaraq görülmüş işlər barədə mətbuat, elektron media vasitəsilə məlumatlar verilir. Əsas işlərdən biri kimi görkəmli memarın anadan olmasından həlak olana qədər bütün həyatını qısa və yığcam şəkildə özündə əks etdirən “Əliş və Anna” poemasının yazılmasını və ayrıca kitab şəklində bu günə qədər artıq dörd dəfə (iki dəfə paralel olaraq Az-lat və Az-ərəb qrafikalarında) nəşr olunmasını misal göstərə bilərik. Kitabın Cənubi Azərbaycan da daxil olmaqla bütün Azərbaycan ərazisində yayılması – Təbrizdə, Bakıda, Şamaxıda və ölkəmizin digər şəhər və rayonlarının, ayrı-ayrı təşkilatların kitabxanalarında yerləşməsi təmin olunmuşdur. Bundan əlavə, ilk gündən poemanın elektron variantı hər iki qrafikada əsas elektron kitabxanalara yerləşdirilmiş dünyanın internet olan istənilən nöqtəsindən oxumaq üçün əlçatanlığı təmin olunmuşdur. Eyni zamanda, tanınmış alim, AYB-nin üzvü, Əməkdar müəllim Kamal Camalovun poema haqqında yazdığı geniş təhlil “Əliş və Anna haqqında” adı ilə “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində ayrıca kitab kimi nəşr olunaraq, yayımlanmışdır. Bu layihə tədbirləri çərçivəsində görülən ən önəmli və yadda qalan iş tanınmış şair-rəssam Şehran Allahverdi tərəfindən görkəmli memarın portretinin yaradılması və onun lazımi ünvanlara çatdırılması olmuşdur. Portret hələlik iki orijinal nüsxədə – birincisi (42,5 X 54), ikincisi isə (50 X 74) ölçülərdə olmaqla kətan üzərində yağlı boya ilə çəkilib. “Kərəmli-700” yubiley tədbirləri çərçivəsində qarşıdan gələn Beynəlxalq Memarlar Günü ilə əlaqədar görkəmli Azərbaycan memarı şamaxılı Əliş bəy Kərəmli bir daha anılmış və 42,5 X 54 ölçüdə olan (passport nömrəsi: K700PƏbK1N001) birinci portret Şamaxı rayon Tarix-Diyarçünaslıq Muzeyinə, 50 X 74 ölçülü (passport nömrəsi: K700PƏbK2N002) ikinci portret isə Azərbaycan Memarlar İttifaqına hədiyyə olunmuşdur. Layihənin ilk günlərindən bu münasibətlə planlaşdırılmış və dəfələrlə təxirə salınmış Şamaxı Dövlət Regional Kollecinin tələbələri ilə görüş məlum məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacaq.
Bu günə qədər ağızdan-ağıza gəzən şifahi söhbətlərin, rus, Azərbaycan yazarlarının (mənə məlum olan – bəlkə başqa dillərdə, başqa xalqların da ədəbiyyatında və digər yazılı mənbələrində, arxivlərdə bu barədə məlumatlar vardır) yaratmış olduqları yazılı ədəbiyyat nümunələrinin, publisistik yazıların qəhrəmanı kimi bədii portretlərdən tanıdığımız Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvaninin portretinin yaradılmasını xalqımızın görkəmli oğlunun akademik səviyyədə tanınması yolunda atılmış mühüm addım kimi qiymətləndirir və universitetlərimizin tarix fakültələrinin tələbələrini, aspirantları, doktorantları, onların rəhbərlərini referatlara, diplom işlərinə, eləcə də olduqca müxtəlif səviyyəli elmi işlərə mövzu seçərkən dərindən araşdırılmağa, tədqiq olunmağa ehtiacı olan bu vacib şəxsiyyəti, onun həyat-fəaliyyətini diqqət mərkəzində saxlamağa çağırırıq. Onu nəzərinizə çatdırıram ki, məzarının yeri dəqiq məlum olmasa da (bu amil günümüzdə aktual olan mədəniyyətlər fərqi məsələsini bir daha ortaya qoyur – demək olar ki, müasiri, eyni zamanda həmyerlisi olan İmadəddin Nəsiminin həyatı daha faciəli sonluqla Şərqdə – müsəlman torpaqlarında başa çatsa da günümüzədək məzarı Hələbdə qorunub saxlanmışdır), əlimizdə ölkəmizin hüdudları daxilində və xaricində tam şəkildə qorunmuş və ya qalıqları mövcud olan tikililər, xalq arasında geniş şəkildə yayğın olan şifahi məlumatlar, kifayət qədər zəngin yazılı bədii nümunələr, publisistik yazılar, ən əsası hal-hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslindən olması kimi araşdırılaraq, dəqiqləşdirilməyə ehtiyacı olan çoxsaylı mənbəələr var.
FOTOLAR:
42,5 X 54 ölçüdə olan (passport nömrəsi: K700PƏbK1N001) birinci portret Şamaxı ray. Tarix-Diyarçünaslıq Muzeyində.
50 X 74 ölçülü (passport nömrəsi: K700PƏbK2N002) ikinci portret Azərbaycan Memarlar İttifaqında.
Sonda maraqlananlar üçün onu qeyd edə bilərəm ki, görkəmli memarın həyatından bəhs edən “Əliş və Anna” kitabını əldə etmək istəyənlər “Mücrü” Nəşriyyatına, eyni zamanda Bakıda və Sumqayıtda əsas kitab mağazalarına müraciət edə bilərlər. Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib, sona qədər həmsöhbət olduğunuz üçün minnətdarlığımı bildirirəm.
29.09.2020 - Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
İYİRMİ YEDDİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır. QISA ARAYIŞ
Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və
Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci
dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.
“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi
düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və
yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır.
“Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm:
– Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir,
– Romanın həcmi müasir tələblərə tam cavab verir,
– Dili səlisdir və aid olduğu dövrlə səsləşir,
– Tarixilik baxımından zəruri məlumatlarla zəngindir,
– Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar.
Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər.
Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram. 30.06.2020 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
“Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020, s.6.
“Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20, say: 21 (2262) s.15.
Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun bu rəzalət və zəlalət dolu dünyada daha çox əziyyət çəkməsini rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…
Əlbəttə, bu tam subyektiv bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm axtarıb, bu yazını yazım məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın deyə içini boşaltmaq istəyənlər … Birinci qrup qələm adamlarını yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) … O, bax elə adına, ruhuna istinad edib, yazmaq istədiyim bu yazının da yoluna çıraq tutan “QOYMAYIN QIZLARI ŞEİR YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu dəfə özünün içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən 64 saylı məktəbdə keçirilən Gülşən Mustafanın kitab təqdimatı zamanı ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin… Nəsə o səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək çox asanlıqla tapıb oxuya bilərlər. Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda istinad etmişəm):
Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.
Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.
Şeirin ilk sözündən son kəlməsinə qədər içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur. Və “…mən bilirəm, bu nə deməkdir…” onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin, hələ “beş dərdindən biri” olsa da, el-aləmə faş olmasın… Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən keçirmiş, yaşamış insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına rəva görməyən yazarın, seçilmiş müdrik bəndənin, ilahi məqamdan söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə həmişə bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri də eyni qəbildən olan sənət əsərləridir. Bəlkə də mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib… Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu şad osun:
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!
Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!
Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…
04.05.2020 – Bakı ş.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.
Ataların bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa, lap elə ailə üzvülərinə də aid etmək olar.
Məlum hadisələrlə əlaqədar son günlərdə (Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan, artıq uzun illərdir ki, “bir millət – iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki “bir millət – bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi ən müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.
Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda olub və olmaqda davam edirlər. Belə ki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Professor Ramiz Həsənlinin “Turan yolçusu” adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.
Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reallığa daha yaxındır. O, sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii ki, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb-yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:
Vatanın aşkıyla çarptı yüreğim,
Her an kızıl elma oldu ereğim…
Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Belə ki, o, lazımi məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüznlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:
Yüreğim kann ağlar yurdun haline,
Hayalim uzanır Oğuz eline,
Maruz kalmış Türk milləti zulüme…
– deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstana cıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh” şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qələmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna şairi, təbliğatçıdır. Xeyir, bu, əsla belə deyil, o, nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik duyğular yüklü misraların müəllifidir:
Azer oğlu hayat oldu derbeder,
Yaralı gönlümü yıktı bu haber.
Pencereden bakanlarla beraber
Perdeler ağladı, tüller ağladı…”
– el ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anladır öz yurddaşına…
Zəngin dünyagörüşünə və eyni zamanda, rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindədir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyaləndə də – babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxşar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.
Ancaq bütün bunlara baxmayaraq, biz qələm adamları, xüsusilə son dövrlərdə qardaş Türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.
19.10.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:
Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.
Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.
90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…
Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.
QISA ARAYIŞ
Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun! 19.09.2019. Şamaxı – Bakı.
Məqalə müxtəlif saytlarda yayımlanmaqla bərabər aşağıdakı mətbu orqanlarda ənənəvi qaydada dərc olunmuşdur:
1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,
Salam olsun, çox dəyərli oxucum! Hər bir yaranmışın öz səbəbi və məqsədi olduğu kimi, bu yazının da özünəməxsus yaranma şəraiti, təyinatı var. Tanınmış şair-publisist Qələndər Xaçınçaylının təklifi üzrə yaranmış və onun tərtib etdiyi “Taclı şair”, mənim müəllifi olduğum “Yaradanla baş-başa”, “Qələmdar” eyni zamanda Gülü xanımın tərtibçisi olduğu “Zaur Ustac” kitablarında yer alacaq bu yazı Qələndər müəllimin dediyi kimi, elə olmalıdır ki, mən kiməm, hardan gəlib, hara gedirəm bütün bu qəbildən olan sualların hamısını cavablandırmalı və arxada qalan 45 ilə dönüb baxanda qaranlıq heç bir sual olmamalıdır. Bəli, bu yazı məni tanıtmaq, oxucularıma və maraqlı şəxslərə anlatmaq kimi mühüm bir vəzifə ilə mükəlləfdir. Beləliklə, mən – Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 1975 – ci ildə yanvar ayının 8 – Bakı şəhərində səhər saat 6:15 də anadan olmuşam. Ancaq nədənsə bu tarix sənədlərdə 14 yanvar kimi qeyd olunub. Dünyaya gözümü açandan, anlayandan yadımda qalan ilk rənglər atamın mənə aldığı, minilə biləcək plasmasdan olan çəhrayı rəngli oyuncaq təkərli atın rəngi, çəhrayı və qonşu uşağın şar kimi üfürülərək şişirdilən yaşıl rəngli balon atın rəngi, yaşıldır. Tale elə gətirdi ki, kəndə köçməli olduq. Maraqlısı odur ki, burada da yadımda qalan ilk epizod atla bağlıdır. Demək olar ki, hər axşam mal-qara örüşdən qayıdanda babamı doqqazda qarşılayar, oradan evin qabağına qədər onun Qarabağ cinsindən olan qumral – qaşqalı atının tərkində gələrdim. Bilmirəm bu yaxşıdır, ya pis 1979 – cu il mart ayının 21 –dən (tam təfərrüatı ilə xatırladığım ilk Qarqaraçıxılangündən – Novruz bayramı – bu gün həm də kiçik qardaşım Talış anadan olub) bu günə qədər (24.02.2020) baş verən bütün hadisələr, ən xırda detalları ilə birlikdə yaddaşıma həkk olunub. Yəni, yaddaşım mənə əziyyət verəcək dərəcədə güclüdür. Yazıb oxumağı dörd yaşım olanda Yamən əmimdən öyrənmişəm. İntensiv mütaliəyə atamın aldığı kitablarla 1981 – ci ilin payızından başlamışam. İlk oxuduğum kitab (Əlifbadan sonra) “Qızıl şamdan” adlı nağıl kitabı olub. 1981 – 1991 Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində təhsil illərində hazırlıqdan birinci sinfə və onuncu sinifdən on birinci sinfə keçirilmişəm. Yuxarı siniflər və gənclik illərim demək olar ki, müharibənin gətirdiyi fəsadlarla mücadilə içərisində keçib. Ancaq bu hal məni digərləri kimi o qədər də narahat etmirdi bütün baş verənlərə bir tarix, tarixi hadisə kimi normal baxırdım. Məni narahat edən tamam başqa məsələlər var idi. Uşaqlıq dövrümdə qeyri-adilik axtaran Qələndər müəllim və eləcə də Sizlər üçün maraqlı ola biləcək aşağıdakı bir neçə halı sadalaya bilərəm. Məsələn, artıq 10-12 yaşlarımdan adi gündəlik məişətdə baş verəcək hadisələri qabaqcadan hiss edə bilirdim. Həddindən artıq həssas idim. (Bu gün də belədir – hərdən çox əziyyət verir.) Təxminən 1986 – 87 ci illərdən abort əməliyyatları məni ciddi narahat edirdi. Bu necə baş verdi? – Atam “Elm və Həyat” jurnalına abunə idi və biz bu jurnalı müntəzəm olaraq alırdıq. Xatırlayanlar varsa, jurnalın son səhifəsində maraqlı faktlar yer alırdı. Bir gün orada amerikalı bir alimin abort əməliyyatı barədə qeydlərini oxuyanda çox sarsılmışdım. Yazıda alim qeyd edirdi ki, abort əməliyyatının hansı vaxt aparılmasından asılı olmayaraq (ilk həftələr olsa belə) döl-rüşeyim bunu hiss edir və ona tərəf uzanan maqqaşdan qaçmağa çalışır. Uşaqların cinsini öncədən təyin etməklə ən azından cinsə görə baş verən qətliyamların qarşısını almaq olardı. Çox erkən yaşlarımdan ibadətə başlamışdım. Onu qeyd etmək istəyirəm ki, evdə hər iki tərəfdən qocalardan namaz qılan olsa da mənim ibadətə başlamağımın onlarla heç bir əlaqəsi yox idi. Yəni bu tam müstəqil qərar – daxili ehtiyac və cavabsız qalan sualların nəticəsi idi. Bir də maraqlı yuxular. Belə yuxugörmələr indi də davam edir. Bu barədə ayrıca “Yuxularım” kitabında hər bir yuxu haqqında ətraflı yazdığıma görə burada xırdalığa getmirəm. 1988 – ci ilin may ayının 24 də ilk yazım o vaxtlar Ağdamda çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdu. Bu orqanda müntəzəm olaraq məktəb və kəndin həyatında baş verən mühüm hadisələrlə bağlı yazılarla çıxış edirdim. İlk şeirləri çox erkən yaşda yazsam da, 1990 -91 – ci illərdə həm baş verən hadisələr, həm də artıq can evimin qapısını döymüş ilk məhəbbətin eşqi-havası ilə silsilə şeirlər, hətta bir neçə mənzum pyes yazmışdım. Yəni artıq doxsanıncı illərdə yazdığım yazılar bu gün yazdıqlarımdan elə də fərqlənmirdi. Sizi çox maraqlandıran “Ustac” təxəllüsünü də məhz bu dövrlərdə ilk dəfə “Gözüm qaldı” şeirində işlətmişəm:
Saçların var, qulac-qulac,
Ustac olmuş sənə möhtac!!!
1990-Yusifcanlı
Nə bu vaxta qədər, nə də bundan sonra ikinci bir təxəllüsüm olmayıb. İndi də əvvəllər olduğu kimi, ya atam verən “Zaur” – öz adımdan, ya da özüm seçdiyim soy-kökümə və durumuma işarət edən “Ustac” təxəllüsümdən istifadə edirəm. “Ustac” tarixdə mövcud olmuş Ustaclı tayfasına işarə edir, mənası-anlamı tacı ağıldan olan deməkdir. Həm ruhən, həm də maddi aləmin belə qarışıq olduğu bir dövürdə orta təhsilimi tamamlayıb Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Ömrümü kitablarla bağlı sakit bir peşəyə həsr etmək niyyətində idim. (O vaxt son siniflərdə dəbdə olan xatirə dəftərlərində də uşaqların “kim, nəçi olacaqsan?” sualını məhz belə cavablandırırdım – sakit bir peşə istəyirəm.) Ancaq, necə deyərlər sən saydığını say, gör zaman nə sayır. Artıq BDU-nun əsas binasının girişindən qeydiyyat üçün girdiyim ilk gün bunun mümkün olmayacağını anlamışdım. Foyedə asılmış şəhid tələbələrinin əksəriyyəti dördüncü, beşinci kursda təhsillərini yarımçıq qoyaraq cəbhəyə yollanmış və şəhid olmuşdular. Belə bir vəziyyətdə Qarabağdan olan bir gəncin oxumağa gəlmişəm deyib, paytaxtda gün keçirməsi (o vaxtlar elə keyfiyyətli dərs keçən də yox idi, auditoriyalar, tədris korpusları, xüsusi ilə pilləkənlər zibilin içində itib-batırdı) nəsə mənə qəribə gəlirdi. Və ailədə də uzun söz-söhbətdən sonra döyüşən orduya qoşuldum. Yadımdadır, evdə son qərarımı verdiyim həmin gün axşam istixarə etmişdim və bu müharibədə mənə heç nə olmayacağına tam əmin idim. Nəsə hələ orduya qoşulmazdan əvvəl də səksəninci illərin sonları, doxsanın əvvələri atəşkəsə qədər (13-14 may 1994 Tərtər, Qapanlı.) çox qarışıq dövrləri arxada qoyduq. Artıq təhsilimi davam etdirmək barədə düşünməyə başlamışdım. İlk olaraq 1994 –cü ilin dekabırında (sağ olsun p-k F. Şabanov N saylı hərbi-hissədə qərərgah rəisim idi) BDU-ya belə bir arayış göndərdik ki, hərbi-hissə mənim təhsilimi davam etdirməyə etiraz etmir. 1995 – ci ilin mayına qədər onlardan bir cavab gəlməyincə, komandirlərin təşəbbüs və qərarı ilə bir qurup seçilmiş əsgərlərin təhsillərini davam etdirməsi üçün şərait yaradıldı. Biz əvvəlcə hazırlıq üçün məzuniyyətə sonra isə Bakıya ezamiyyətə göndərildik. Mən ilk olaraq BDU – ya gəldim və orada o vaxtlar prorektor olan Rasim müəllimlə görüşdüm (Rasim Süleymanov). Onu hələ Tərtərdən tanıyırdım. Sağ olsun, məni kabinetində qəbul etdi (indi daha foyedəki şəkillər məni narahat etmirdi – deməli bu təqdiri-ilahi imiş…), çay içə-içə ata-oğul kimi söhbət etdik. Ayrılanda məni binanın giriş qapısına qədər yola saldı. Onun da tövsiyə və xeyir-duası ilə sənədlərimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verdim. Və təhsilimi burada davam etdirdim. 1995 – 99 – cu təhsil illərimi başa vuraraq, artıq zabit kimi orduya qayıtdım. Ancaq, yenə çox keçmədi ki, məni narahat edən məsələlərin burada reallaşmayacağını anladım və ordudan ayrılmağa qərar verdim. Sağ olsunlar komandirlərim məni anlayışla qarşıladı əvvəlcə p-k l-nt A. Seyidov, sonra isə p-k M. Rzayevin köməkliyi və bilavasitə təşəbbüsləri sayəsində ehtiyata buraxıldım. 2002 –ci ilin 12 mart tarixindən yenidən Bakı şəhərinə yerləşdim. Və indi məni narahat edən bütün məsələlərlə rahat məşğul ola bilərdim. Yenə qeyd edim ki, ədəbi yaradıcılıq bu günə qədər heç vaxt mənim üçün birinci məsələ olmayıb. Nəzmi cavabı olmayan sualları və ya etik normalara görə açıq deyilməsi mümkün olmayan məsələləri işıqlandırmaq üçün istifadə edirəmsə, nəsrdən tarixilik baxımından əhəmiyyətli hadisələri yaşatmaq, tövsiyə, məsləhət, maarifləndirici xarakterli yazılar yazmaq üçün istifadə edirəm. Ancaq, bu planlı şəkildə fəaliyyət növü olmayıb, müəyyən bir proqramlaşdırma nəticəsində özü ortaya çıxan işdir. Onu qeyd etmək istəyirəm ki, məşğul olduğum, araşdırdığım, xidmət göstərdiyim sahədən asılı olmayaraq həmişə iş – fəaliyyət oblektim insan olub. İstər əsgər, peşəkar zabit olub, onu necə, hansı effektiv yollarlarla, üsullarla öldürməyin, məhv etməyin sirlərini öyrənmək olsun, istəsə də ordudan sonrakı illərdə onun yaşamını yüngülləşdirmək, həyat tərzini yaxşılaşdırmaq yolunda etdiyim çabalar. Hələ hərbi təhsil aldığım illərdə ikinci bir təhsili ordudan sonra hüquq, din və ya pedaqoji olaraq alacağımı planlaşdırırdım. Psixoloji biliklərimi artırmaq həmişə aktual olaraq qalıb və qalır. Mütəmadi olaraq olduqca müxtəlif mövzuları əhatə edən əcnəbi və yerli mütəxəssislərin təşkil etdiyi psixoloji kurslara qatılır və bu sahədə olan biliklərimi artırıram. Xidmət zamanı rastlaşdığım gənclərin olduqca acınacaqlı vəziyyəti və xidmətdən sonra gündəlik fəaliyyətimlə əlaqədar olaraq ünsiyyətdə olduğum saysız-hesabsız müxtəlif səviyyəli təhsil görmüş, ayrı-ayrı zümrələrin nümayəndələri ilə söhbətlər zamanı gördüklərim məndə əməlli-başlı çaşqınlıq yaratmışdı. Bütün bunların təsiri ilə pedaqoji təhsil, özü də ən əsas saydığım ibtidai təhsil üzrə mütəxəsis olmağa qərar verdim. 2013 – cü ildə test imtahanlarında iştirak edib, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisası üzrə təhsilimi davam etdirmək imkanı qazandım. 2017 – ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurub İbtidai Sinif Müəllimi ixtisasına yiyələndim. 2007 – ci ildən müstəqil yaradıcılıq və inkişaf məsələləri ilə məşğul olan “Yazarlar” jurnalını təsis etmişəm. Hələ bu məqsədlə Ədiliyyə Nazirliyinə müraciət edəndə niyyət ərizəsinin “Məqsəd” bölümündə qeyd etdiyimiz fikirlərə daim sadiq qalaraq yaradıcılıqla məşğul olan şəxslər arasında fərq qoymadan onların mətbuata çıxışını asanlaşdırmaq, həvəsləndirmək kimi amallara xidmət edirik. Bu işdə daha məhsuldar və məqsədyönlü olmaq üçün yazarlarımız Müstəqil Yazarlar Konfederasiyası və Yazarlar Dərnəyi adlı işçi qruplarda birləşiblər. Yazarlar jurnalı olaraq mütəmadi şəkildə xüsusi buraxılışlar, antalogiyalar və almanaxlar formasında yazarlarımızın əsərlərini nəşr edib yayımlayırıq. Eyni zamanda uşaqdan böyüyə onları həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis etmişik. Uşaqları “Rövşən Hüseynov”, “Bəhmənyar”, “Kirkid”, böyükləri isə “Ziyadar”, “Vintsas”, “Ustac Milli Mükafatı”, “Bayram Bayramov”, “Tağıyev – Xeyriyyəçi”, “Napaleon – Mütaliəçi” diplomları ilə təltif edir, həvəsləndiririk. Və bütün bunların hamısı haqqında istər ənənəvi, istərsə də elektron kütləvi informasiya vasitələrində məlumatlar dərc olunaraq, yayımlanır. Hal-hazırda ədəbi yaradıcılıqla yanaşı, hamiləlikdən əvvəl ailə planlamasının tərkib hissəsi olan uşağın cinsinin əvvəlcədən planlaşdırılması, uşaqlara onların gələcək həyatlarını müəyyən edəcək adların seçilməsi, kiçik yaşlı məktəblilərlə, onların valideyinləri olan gənc ata və analarla iş, uşağın – ailənin yaşadığı ev-məkanların seçiməsi və təhcizatı kimi mühüm əhəmiyyətli məsələlərlə bağlı fərdi konsultant kimi də fəaliyyət göstərirəm. Bütün bunlardan əlavə müraciətlər olduqda özümün tərtib etdiyim xüsusi “39 – HƏFTƏ” adlı proqramla kiçik yaşlı məktəblilərə ingilis dili öyrədirəm. Fəaliyyət sahələrim hələlik bunlardan ibarətdir. Bir sözlə çörəyimiz sözdən çıxır. Təhsil məsələsi əgər yenə nə vaxtsa gündəmə gəlsə, bu yəqin ki, dini təhsil olacaq. Kompüter biliklərim normaldır. Yəni, bütün kompüter, internet və idarə etdiyim saytların əsas işlərini özüm görürəm. Dil bacarıqlarım, ingilis və rus dillərində də eyni ana dilimizdə olduğu kimi mütaliə vərdişlərim var. Hətta ingilis dilindən bir-neçə uşaqlar üçün hekayələr də tərcümə etmişəm. Maraqlı alınıb. Hal-hazırda türk dili adlandırdığımız dlin bizim ana dilimizdən elə bir fərqi yoxdur (o da bizim ata dilimizdir). Odur ki, mən onu xarici dil hesab etmirəm. Yazılarımı adətən sübh vaxtı və ya gecə boyu yazıram. Şeirlər isə ani olaraq, bir – neçə dəqiqə ərzində yazılır. Özüm üçün və eyni zamanda gələcəkdə araşdırmaçılar üçün də maraqlı ola bilər deyə, adətən, son vaxtlar yazdığım şeirlərin sonunda vaxtı mütləq qeyd edirəm. “Qucağını geniş aç” şeirinin yazılma müddəti anbaan “Şeir necə doğulur?” filmində öz əksini tapıb. Həcm və ölçüsündən asılı olmayaraq, hər hansı bir istər nəzm, istərsə də nəsr əsərin yaranması ilkin olaraq ideyadan başlayır və o yaranır. İdeyadan yaranmaya qədər olan müddət ani də ola bilər, bir-neçə il də uzana bilər. Yenilik barədə onu deyə bilərəm ki, şeir də “Ustacı” adlandırdığım xüsusi bir qayda ilə yazılmış orijinal nəzm nümunələrinin müəllifiyəm. Bu haqda “Ustacı”- lar haqqında – adlı yazımda geniş məlumat vermişəm. Bir də araşdırmaçı – filoloqların yazdıqlarına görə “Şehçiçəyi” çiçəyini ədəbiyyat bağçasında mənə qədər görən olmayıb. Bu haqda Ülviyyə Hüseynlinin “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair” adlı maraqlı yazısı var. Hal-hazırda məni narahat edən yeganə məsələ torpaqlarımızın işğal altında olmasıdır. Bu barədə mətbuatda “Məcburi köçkün – qaçqın olmaq nə deməkdir?” adlı əhatəli yazı ilə çıxış etmişəm. Ona görə də burada çox xırdalığa getmədən sadəcə bir məsələni vurğulamaq istəyirəm ki, son vaxtlar vaxtımın çox az qaldığını hiss edirəm. Bu məni çox sıxır. Yazmaq istədiklərimin hələ heç birini yazmamışam. Bir insan, fərd olaraq həyata keçməmiş heç bir arzum yoxdur. Min şükür Uca Yaradana!!! Yaradanla baş-başa keçən bütün həyatım boyu onu daim baş ucumda hiss etmişəm dilimə gətirməyə cürət etmədiyim, ancaq, nə vaxtsa ani olaraq xəyalımdan keçən bütün istəklərim də daxil omaqla arzularımın hamısı həyata keçib. İstədiyim hər şeyi mənə verib, ən ağır, çıxılmaz hesab etdiyim vəziyyətlərdə belə hifz edib, qoruyub yəqin ki, boynumuza düşən missiya bitənə qədər bu belə də davam edəcək. Və ümid edirəm ki, torpaqlarımız azad olunacaq, ata-baba yurduna dönəcəyik və orada bütün yazılmalı, deyilməli sözlər bitəcək… Nəslimiz hər iki tərəfdən son beş yüz il ərzində – Şah İsmayılın vaxtından bəri dəqiq Qaradağ – Ərdəbil, Qarabağ – Yusifcanlı, Zəngəzur – Göyçə – Sivas aralığı ərazilərdə yaşamışdır. Ana tərəfdən babalarımın adı Mürşüd, Ələkbər, Qəhrəman, ata tərəfdən Müseyib (Alagöz kişi), Mahmud, Mustafa, Quluya qədər dəqiq sıra ilə sonra isə ən çox təkrarlanan Mustafa, Mahmud və bir də Allah, Məhəmməd, Əli, Həsən, Hüseyn, Şah kimi müxtəlif adların sonunda “qulu” olmaqla adlar olub. Yadımdadır 1992 – ci ilin payızında Ağdam rayonu, Yusifcanlı kəndində rəhmətə getmiş Müseyib babamdan babalarımızın adını soruşanda həmişə Mahmud, Mustafa, Qulu deyib dayanardı. Bəs onun babasın adı nə olub? – soruşanda – Şahqulu – cavab verərdi. Baba, bəs onun babasın adı nə olub? – yenə soruşanda təbəssümlə Adınaqulu – deyə cavab verərdi. Bu cavab artıq söhbətin bitməsi anlamına gəlirdi. Bu hal biz balaca – qanmaz olanda dəfələrlə təkrar olunmuşdu. Bir də babam deyərdi ki, ulu babamız Mahmud şah qoşununda qoşunbaşı olub. Ulu babamızın adı uzun illərdi nəsildə yaşadılır. Hal-hazırda əmioğlanlarından biri bu adı daşıyır. Dünya, həyat barədə fikirlərimin formalaşmasında Bəhmənyarın, Nəsiminin, Lev Nikolayeviç Tolstoyun, Vintsas Krevenin düşüncələrinin təsiri ola bilər. İbrət aldığım şəxslərin həyatı isə Şəhriyar, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi və yenə də Lev Nikolayeviç Tolstoydur. Bu iki qurup şəxslərin arasında göründüyü kimi Lev Nikolayeviç Tolstoyun adına iki dəfə rast gəlirik. Həqiqətən onun yeri bir başqadır. Onu özümə bütün hali ilə daha yaxın hiss edirəm. Başımıza gələn bütün bəlaların kökünü (adi məişət məsələlərindən tutmuş – dünya işlərinə qədər) cəhalətdə görürəm. Bütün anlaşılmazlıqların kökü məhz odur – CƏHALƏT!!!
24.02.2020. Bakı ş.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda Qələndər Xaçınçaylının “Taclı şair” və Gülü xanımın “Zaur Ustac” kitabları tərtib olunarkən istifadə olunub.
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz digər bir nemət olan suyun misalında yaranışın, nizamın düşündükləri qədər bəsit olmadığını açıqlamağa çalışacağam.
DAHİLƏR VƏ QAHİLƏR
“Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.”
Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir.
QISA ARAYIŞ:
Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.
Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev, eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.):
HAŞİYƏ
Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim… Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…
Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki yuxarıda adları çəkilən müdrik şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər. Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır.
KEÇİD
Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”
Müəllif: Nizami Gəncəli
Tərcümə edən: Səməd Vurğun
Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam. “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin növlərindən biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun “faydası” haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş, dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma” məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar… İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır.
SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR
Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR” və “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir:
DİQQƏT!!!
Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur.
Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır.
Hər söhbətə, yeməyə başlayanda “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır.
Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında insan orqanizmi üçün böyük fayda var. Beləki, hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir.
Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür.
SU – ALLAHIN BİR LÜTFÜDÜR
Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir:
-Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz faktdır.
-İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir…
Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur.
HAŞİYƏ
Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim (Əl – Əlim) və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var.
İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar… İndi keçək cavablara:
-dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur.
SU İÇDİKDƏ NƏ BAŞ VERİR?
Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su, qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları
ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir…
XATIRLATMA
Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər.
Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız (əsrlər boyu Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi pak su dolu stəkan olan masaya yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini – hansı ki, bu barədə də ən xırda təfsilatı ilə müqəddəs kitabımız “Quran”-da məlumat verilmişdir – unutmamalıdır…) əsl insan üçün həqiqətən də dünyaya açılan pəncərədir, sadəcə bunu görüb, dərk etmək lazımdır…
Qeyd:
“Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir.
Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər ürəkaçan olmasa belə daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü, bu saatı harda olduğumu, nə iş gördüyümü daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla sakinləri kəndi tərk etməyə məcbur etmişdilər…
Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə, bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam…
SÖZÜ QƏRİB, GÖZÜ QARA QOCALAR
Arsız aşıq elsiz necə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar…
Aşıq Ələsgər
“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan qocalardan bu sözü ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir…
KÖÇKÜN (QAÇQIN) OLMAQ NƏ DEMƏKDİR?!
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…”
Aqil Abbas
Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…
Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır… İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?! Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!
GEDƏR-GƏLMƏZƏ GEDƏNLƏR-İTİRDİKLƏRİMİZ:
Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz bir-neçə çox vacib dəyərləri Sizlər üçün sadalamağa çalışacam:
Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi.
İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb.
Və nəhayət toy və yas adətləri…
Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…
QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!
Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…
QEYD
Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…”
Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır və dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:
Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar
* * *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –
“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”
bu bəndi o qədər demişdim ki, artıq mən :
“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr, daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə, özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə, təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda – olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:
ÖLÜM NƏDİR?
Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir….
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir….
07.01.2014. Şamaxı.
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…
Qeyd:
Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…
17.04.2019. Bakı.
QEYD:
Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə və eyni zamanda “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunan “DAĞLAR” almanaxında baş redaktor sözü olaraq giriş məqalələrindən biri kimi yer almışdır.
NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM
(On doqquzuncu yazı)
Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik… Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.
Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da, ruh dincəlmir, zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”
“Yolu ürəyimin üstdə gedirəm” kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının ucunda belə gəzməyə hazır olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.
Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.
Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.
08.03.2019-cu il . Bakı.
QEYD:
Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Bundan əlavə “HƏFTƏ İÇİ” qəzetinin N: 47 (3095) 12 mart 2019 – cu il sayında dərc olunmuşdur.
“AŞUQQA” –BİR SÖZÜN İŞIĞINDA
(ON SƏKKİZİNCİ YAZI)
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.
21.02.2019. Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi, bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir… Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər, – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər… Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər. Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından, nəhayətdə “AĞ”dan – XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda “QARA” dan – ŞƏR (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…
Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.
Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral 2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi Кирст Ганс olan “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur.
Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” , “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu – atəşli aşiq, idarəetmədə incə, adi detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar.
Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda faydalanmaq mümkün olan ErnestHeminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.
Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti, üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır…
Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazdığı və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…
İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i… qoysaq və Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…
Dino Bussatinin “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti
( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu bir-birindən maraqlı əsərləri var. Kazakeviç İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel Qarsiya Markesin, görkəmli Dino Bussatinin qəhrəmanlarından nümunə ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif; həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var?
Və əlbəttə, yenə keçid üçün tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib, onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var. Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub. Bu faktın özü həmin əsərlərin vacibliyinin və tərbiyəvi əhəmiyyətinin hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.
Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci – “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən, “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar.
Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur. Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən “qazmaçı”
“yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlər aşağıdakılardır:
– Subardinasiya məsələlərinin pozulması (buna maksimum Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır),
-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir),
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq, heç nağıllarımızda belə söhbətlər olmayıb) və s. bu qəbildən olan digər məsələlər.
Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq kimi, hərb işi də spesfik bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:
-Həm Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit idi.
-Həsən Seyidbəyli və İmran Qasımovun ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət alırdılar.
-Müasirimiz Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim.
Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra bu məsələdə qaranlıq heç nə qalmır.
Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə, “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…
19.02.2019. Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Bu yazı əlavə olaraq hissə-hissə “HƏFTƏ İÇİ” qəzetinin N:110 (3158) 21 iyun 2019 – N:112 (3160) 25 iyun 2019 ci il və “ƏDALƏT” qəzetinin N:113 (5577) 26 iyun 2019 – N:114 (5578) 28 iyun 2019 ci il saylarındanda dərc olumuşdur.
Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…
Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…
Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.
“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.
Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…
Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.
Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:
Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.
Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:
– Kitabın dili,
– Struktur – quru luşu,
– Mövzu aktuallığı,
– Əhatəliliyi.
Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.
Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.
Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.
“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.
Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
21.11.2018 – Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.