PUBLİSİSTİKA





Şəhrili Müsəmbər və Ustaclı Mahmud.

QARABAĞDA TORPAQ İSLAHATLARI VACİBDİR

OTUZ  BİRİNCİ  YAZI

İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.

Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!

Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.

Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?

HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.

Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.

Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.

Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…

Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…

Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:

10.02.2020. BAKI.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ  BİRİNCİ  yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

  1.  “Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru














 
 
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə haqqında söhbət açacağım insan çoxumuzun yaxşı tanıdığı Azərbaycan Yazıçılar Birliyinin (AYB),  Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-yazar, tanınmış şair- publisist, peşəsinə sədaqəti, peşəkarığı “Tərəqqi” medalı ilə qiymətləndirilmiş fədakar jurnalist Qələndər Xaçınçaylı, onun hal-hazırda olduqca ağır vəziyyətdə olan səhhəti və  bu vəziyyətinə olan laqeyd münasibət barəsində olacaq. İlk öncə nəzərinizə onu çatdırım ki, bütün təhsil pillələrində təhsilini fərqlənmə ilə başa vuran Qələndər müəllim əmək fəaliyyətinə də məhz xarakterinə uyğun bir yerdə, şəraitdə başlamışdır. Ötən əsrin səksəninci illərindən Neft Daşlarında əmək fəaliyyətinə başlayan Qələndər Xaçınçaylı tez bir zamanda açıq sözlü, iti qələm sahibi kimi tanınır. Zəhmətkeş tribunalarında odlu-alovlu çıxışları ilə seçilməyə başlayır. Qısa bir zamanda imzasını tanıtmaqla bərabər, şəkilləri o dövrün ən məşhur mətbu orqanlarının birinci səhifələrində yer alır, yazılarının sərlövhələri manşetlərə çıxır…. Quruluş, əsr dəyişsə də sənətini, əqidəsini bütün məhrumiyyətlərə rəğmən dəyişməyən Qələndər müəllim bir jurnalist-repartyor, araşdırmaçı-yazar kimi daim xəbərin ön cəbhəsində, ən qarışıq, müəmmalı, təlatümlü mövqelərində əlində qələm savaşaraq, həmişə şəraiti düzgün qiymətləndirərək, vəziyyətdən qalib çıxmağı bacarıb. Yuxarıda qeyd etdiyim kimi onun bu fədakarlığı və peşəkarlığı yüksək qiymətləndirilərək “Tərəqqi’” medalı ilə mükafatlandırılıb. Bu yerdə bir qeydi də nəzərinizə çatdırım ki, uzun illər bu sahədə fəaliyyət göstərsə də evsiz olmasına baxmayaraq, dəfələrlə mənzili olmayan jurnalistlərə ev paylananda həmişə siyahıdan kənarda qalıb. Bir gün onun da yada düşəcəyini, nəhayət qohum-qardaşın künc-bucağından öz evinə köçəcəyi günü səbirsizliklə gözləyirdi. Hal – hazırda Qələndər müəllim “Yeni Klinik Mərkəz”də müalicə olunur. Vəziyyəti ağır olaraq qalır. 5 avqust tarixindən xəstəxana şəraitində müalicə olunur. Əsas məsələyə keçməmişdən əvvəl gəlin onu daha yaxından tanıyaq:
Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı  Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir… 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.
Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır.  İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını  Qarabağ müstəvisində,  vətənpərvərlik və mübarizlik çevrəsində toplayır.
Qeyd edim ki, hal-hazırda “Yeni Klinika” tibb mərkəzində koronavirusdan müalicə olunan Qələndər Xaçınçaylının vəziyyəti ağır olaraq qalır. Tənəffüsü, danışığı çətin olsa da anlaqlıdır. Qısa telefon əlaqəsi zamını kiminlə danışdığın bilir. Fədakar jurnalisti ən çox üzən isə səhhətinin ağır olması deyil, ona olan laqeyd münasibətdir. Bu yerdə nəzərinizə çatdırım ki, heç kim bu bəladan sığortalanmayıb və sabah bizlərdən hər birimiz bu laqeyd münasibətlə üzləşə bilərik. Qələndər müəllim “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə və dəyərli ziyalılarımız Əflatun Amaşova, Bəxtiyar Əliyevə, Aqil Abbasa, Ümid Rəhimoğluna təşəkkürlərini bildirməklə yanaşı üzvü olduğu ali qurumların, eymi zamanda əməkdaşı olduğu “Həftə içi” qəzetinin, “Hafta.az” saytının rəhbərliyindən və kollektivindən narazılığını dilə gətirdi. Məncə də laqeyidlik, dolayısı ilə söz yarası daha ağırdır. Bu o vaxt daha pis olur ki, hər şey öz əlində ola – bir növ bulaq başında susuz qalmaq kimi. Ya da bu vəziyyətə adətən belə deyirlər: – “… ə, filənkəsi boş ver, ondan qışda qar da almaq olmaz…” Nə bilim Vallah, maraqlı dünyada yaşayırıq hər şey göz qabağında olsa da baş verənlərdən çox az adam ibrət götürür. Sonda əlaqədar qurumları və şəxsləri  Qələndər Xaçınçaylı timsalında ehtiyacı olan hər kəsə yardımçı olmağa, diqqət göstərməyə çağırırıq. Qələndər Xaçınçaylıya Böyük Allahdan acil şəfalar diləyir, tezliklə sağalıb yenidən sözün ön cəbhəsindəki savaş meydanında olan mövqeyinə dönməsini arzu edirik. Və ümid edirik ki, bu dəfə jurnalistlərə ev paylananda o da sevinəcək. Ömrünün ahıl çağlarını öz evində rahat yaşaya, nəvələri gələndə ürəkli onlarla oynaya, istəsə Dənizkənarı Bulvara gəzməyə apara biləcək. İnşAllah!
Müəllif: Zaur Ustac
Qeyd:
Bizlər isə əlimizdən gələn qədər bu məlumatı daha çox paylaşıb, ictimailəşdirməklə öz yardımımızı etmiş olarıq.

============================================================================


 
ŞAİRƏ ZİBİL ATIBLAR - İNDİ O NEYLƏSİN?!


2020-ci ilin qəribə tendensiyalarından biri də "ZİBİL ATMAQ" marafonudur.

Məni qınamayın, elə bil bu kampaniyaya başımıza bəla kəsilmiş COVID «müəllim» rəhbərlik edir. Çünki hər yanda qoşa adımlayırlar. Keçən dəfə vətəndaşlar məmura zibil atmışdı. Yaxşı da cavablarını aldılar. İndi də məmurlar vətəndaşa zibil atıblar. Özü də elə belə sıradan, sıravi vətəndaşa yox, xalqın şair oğlu, əzabkeş, cəfakeş, yerindən-yurdundan, allı-güllü uca dağlardan, qozlu-qozatlı geniş bağlardan didərgin düşərək, gəlib badamsız-filansız alçaq, dar, boz düzənliyə sığınmış, qəlbi qırıq, ruhu əzik, vətəndə vətənsiz el sənətkarı, üzləşdiyi bütün məhrumiyyətlərə aldırmadan xalqının söz yaddaşının keşiyində mərdi-mərdanə dayanan Adil Cəfakeşə...

Adil Cəfakeş özü vəziyyəti belə qiymətləndirir və ünü yetən hamıdan kömək istəyir: "Aidiyyəti qurumlara səslənirəm. Mənə qarşı təzyiqlər, hədələr, təhdidlər davam edir. Qorxudan sığındığım bu üstümə zibil tökülən komada yaşaya bilmirəm. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin. Ailəm çox ağır durumdadır".



ADİL CƏFAKEŞ HAQQINDA

Adil Cəfakeş — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar və Azərbaycan Yazıçılar birliklərinin üzvüdür.

HƏYATI

Adil Cəfakeş 1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşlarından saza-sözə könül verib. Bu el sənətkarının indiyə qədər üç kitabı ("Bir ağı de, ay ana", "Yolçu, hara gedirsən?", "Ağam Alıdı") işıq üzü görüb. Adil Cəfakeş aşıqlığı öz həmkəndlisi aşıq Mehbalıdan öyrənib. Aşıq Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd sənətkarlardandır. Adil Cəfakeş "Ağbaba gülü", "Sarıtorpaq", "Zəngəzur gözəlləməsi", "Dərvişi", "Dərbəndi" kimi saz havalarını ustadından əxz edib. Aşıq Mehbalı təxminən 61 yaşında, 1992-ci ilin mayında Laçının işğalı zamanı itkin düşüb.

Adil Cəfakeş həm yaradıcı aşıq, həm sazbənddir. Musiqi duyumu qüvvətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qarabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında kifayət qədər bilgiyə malikdir. Məsələn, mən onun vasitəsilə ilk dəfə Aşıq Səlim, Aşıq Cəfərqulu, Aşıq Ələmşah və başqaları haqqında müəyyən məlumat əldə etmişəm. Yəni aşıq Mehbalının ustadı öz babası Aşıq Səlim, onun ustadı isə Aşıq Cəfərqulu olub. Aşıq Cəfərqulunun yaratdığı bir neçə saz havası ("Zəngəzur gözəlləməsi", "Sarıtorpaq") dövrümüzə qədər gəlib çatıb. Aşıq Adil Cəfakeşin dediyinə görə, bu havalardan "Sarıtorpaq"a bəzən "Sarıqaya" da deyirlər. Onu da qeyd edək ki, Aşıq Cəfərqulunun ustadı Laçının Kamallı kəndindən olan Aşıq Ələmşahdır. Deyilənə görə, Aşıq Ələmşah çox təbli aşıq olub. O, Aşıq Ələsgərlə dostluq edib. Təəssüflər ki, bu ustad aşığın yaradıcılığı vaxtında toplanıb yazıya alınmadığından itib-batıb. Bu el sənətkarından dövrümüzə bir yadigar hava ("Ağbaba gülü") qalıb. Bu hava haqqında bir rəvayət bu günlərə qədər laçınlılar arasında dolaşmaqdadır. Rəvayətə görə, bu saz havası Ağbaba dağının ətəyində yaradılıb.

Aşıq Ələmşahın ustadı isə Aşıq Həşimdir. Bu sənətkar da zəngin yaradıcılığa malik olsa da, onun ədəbi irsindən heç nə qalmayıb.

AMEA Folklor İnstitutunun buraxdığı "Qarabağ musiqi folkloru" (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası ("Ağbaba gülü", "Zəngəzur gözəlləməsi") yazıya alınıb.

Adil Cəfakeş hazırda Laçın rayonu Şəlvə kənd uşaq musiqi məktəbində sazdan dərs deyir.

SƏNƏT ŞƏCƏRƏSİ

Aşıq Həşim - Aşıq Ələmşah - Aşıq Cəfərqulu - Aşıq Səlim - Mehbalı - Adil Cəfakeş.

Adil Cəfakeşin Təşəkkül Əmrəliyev, Rəfael Alməmmədov, Nasir Alxasov, Ağa Quliyev kimi istedadlı şəyirdləri var.

KİTABLARI

"Bir ağı de, ay ana";

"Yolçu, hara gedirsən";

"Ağam Alıdı";

"Azmışam öz içimdə".

Böyük Allaha bir pərdə daha yaxın olan bu insanın sualına gəlin birlikdə cavab tapmağa çalışaq:
- Şair AYB və AAB kimi iki mötəbər qurumun üzvüdür, şairdir, aşıqdır, sazbənddir, müəllimdir, ustaddır, laçınlıdır, azərbaycanlıdır, köçkündür... İndi ona zibil atanların cavabını kim verməlidir, AYB, AAB, şairlər, aşıqlar, ustalar, şəyirdlər, laçınlılar, azərbaycanlılar, yoxsa köçkünlər?!

Düzü, neçə gündür mən də fikirləşirəm, hələ doğru-dürüst bir qərara gələ bilməmişəm ki, nə şiş yansın, nə kabab. Ancaq düşünməyə dəyər. Siz də düşünün, ən azı yaxın keçmişdə gözümüzün önündə baş verən nümunələr var.

Zaur Ustac,
şair-publisist




Qeyd:

Adil Cefakesdən razılq:
 
"Nəhayət ki, Səbail rayon icra hakimiyyətinin başçısı hörmətli cənab Vüqar Zeynalovun tapşırığı ilə yaşadığım damxanın üstünə, ətrafına tökülmüş zibil təpələri təmizləndi. Ona görə də Vüqar müəllimə və mənə dəstək olan bütün qələm dostlarıma o cümlədən əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. "





Bütün əməyi keçənlərə təşəkkür edirəm. Hörmətlə: 
Adil Cefakes
16.08.2020. Bakı ş, Səbayıl r-nu, Badamdar q.
 

ƏLAVƏ MÖTƏBƏR MƏNBƏLƏR:

https://www.facebook.com/Adil Cəfakeş

https://ustac.az/Təşəkkür
============================================================================




BİR  MÜƏLLİM  TANIYIRAM
Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər. Nədənsə “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl öz dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, can sağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qsımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), m-r Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. K-n Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, can sağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr etmişəm və onun haqqında geniş söhbət açacam. Ancaq, onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
Deməli, BABKM –da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qurupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: – “onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi” Uşaqları salardı üstümə: – “sənə görə biz də kəsiləcəyik” – qəribə məntiq olsa da reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə  “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub. 90 – cı illərdə BDU –nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra  “kontur” ləqəbi qazanmış müəllimləri var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan biabırçı-yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır… Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə müəllimlər dəftər-qələmi olmayana gələn dərs evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu  üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərə odur ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur: – “pis elə pisdir” onlar həmişə olublar və olacaqlar. Sadəcə tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru İqtisad elmləri namizədi, dosent, İlham Vəliyevdir.
QISA ARAYIŞ
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
İlham müəllimi 2017 ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində abu-havanın dəyişməsi və yerli camaatın  onun haqqında müsbət fikirləri olmuşdu. Və həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxildir.  Bu il (2019) sentyabrın 9-u, ya 10 – u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, danışdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət edirdi. Məmuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16 – sı səhər saat 9:00 –da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin və “Hafta.az” sayıtının əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda planlaşdırlmamış vacib iş çıxdığına görə gedə bilməyəcəyini bildirdi. Və mən ehtiyat əməkdaş, mənim  şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxışımı etdim. Eyni zamanda onlara iştirak edə biləcəkləri davam edən“Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzunun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki, elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara maneə olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…) Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53% – ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövürlərdən xəbərdar olan və nə olur, olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki abu-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideyinə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyin düşdü ortaya, bəs ayıbdı “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox filan qədər ha… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər pislər qalsın, pis yerində…

Bəli sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim. Sizə uzun ömür, can sağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından Sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!!!
Zaur Ustac,
şair - publisist.
19.09.2019. Şamaxı - Bakı.
============================================================================

SÖZÜN ƏSL MƏNASINDA YOLUN ORTASINDA QALMIŞ ŞAH BABAMIZ

Salam olsun ey dəyərli insan! Siz necə düşünürsünüz, bir məktəbli və ya tələbə istədiyi zaman şah babasını ziyarət edib, önünə bir cüt qərənfil qoya bilər, ya yox!?
ABİDƏNİN ÖNDƏN GÖRÜNÜŞÜ:


ABİDƏNİN  ARXADAN  GÖRÜNÜŞÜ:


Şah babamız sözün əsl mənasında yolun ortasında - sürətlə şütüyən maşın selinin içində qalıb... Mən sutkanın dəyişik vaxtlarında bir neçə dəfə getsəm də yaxınlaşıb, yaxından düz-əməlli bir foto çəkə bilmədim. Maşın olmayanda gecə - qaranlıq oldu, gündüz işıqlı olanda maşınlar...
Zaur Ustac,
şair - publisist.
28.11.2017 - Bakı.

Qeyd:
01 mart 2020-ci il - bu məsələ şəxsən ölkə başçısı, cənab İlham Əliyevin göstərişi ilə öz həllini tapıb. Heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürülüb.
Qeyd edək ki, Yusif Səfərov küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsində yerləşən heykəl 1993-cü ildə ucaldılıb.
ƏLAVƏ MÖTƏBƏR MƏNBƏLƏR:
1)ttps://apa.az/az/
2)https://news.milli.az/

3)https://525.az/

4)https://www.azerbaycan24.com/

5)https://qafqazinfo.az/
=========================================================================

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol