Kimə nağıl kimi, kimə həqiqət…
(Min şükür Uca Yaradana…)
Əlimdə olanım yalnızca sevgi,
Kimə sığal kimi, kimə bir sillə.
Bütün əngəlləri aşdım onunla,
Kimə noğul kimi, kimə bir güllə.
* * *
“Sim-sim”- lə açılıb bağlı qapılar,
Kimə nağıl kimi, kimə həqiqət.
“Lənət”-lə yıxılıb cağlı yapılar,
Kimə çuğul kimi, kimə fəlakət.
* * *
Ustacam, tacımı verib Yaradan,
Kimə ağıl kimi, kimə məharət.
Bəxtimi şükürlə almışam ondan,
Kimə nağıl kimi, kimə həqiqət…
09.06.2019. (09:36 – 19’)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
====================================================================
========================================================================================
ƏDALƏT VAR
Hər kəlmənin mayası var, qoru var,
Haqq-hesabda ayaq olar, baş olar…
Şəkərçinin dili baldan şirindi,
Kisəçinin üstü-başı yaş olar…
* * *
Elə söz var, dəyərldir kitabdan,
Baxış var ki, uyarlıdır xitabdan,
Bəni-adəm ayarlıdır turabdan,
Donu yelsə, yolu qaya, daş olar…
* * *
Ustac desin, yazın daşa, qayaya,
Nədən kimsə düşsün boşa, ay-aya?
Nə vaxt haram düşsə döşə, mayaya,
Döl qüsurlu, gözü-qaşı çaş olar…
18.04.2019. (19:39) Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
=====================================================================================
DOQQUZU ON BEŞ KEÇİR...
(Mayakovskidən danışan Xanıma)
Danışdıq, gələcəksən...
Sən dedin: - “Çalışaram...”
Mən dedim: - “Gözləyəcəm...”
Səkkizi on beş keçir...
Kipriklərim asılıb, saniyə əqrəbindən
Baxışlar mədət umur, saatın məhvərindən...
Zamanın kəfkirində yellənir neçə xəyal...
Doqquzun yarsı oldu...
İstəyirəm, diksinim qəfil qapı zəngindən
Ta ki, yaxam qurtarsın bu zamanın əngindən...
Çık-çık saat səsində ələnir neçə istək...
Daha doqquz olubdur...
Eşikdə şər qarışıb...
Fikirlər də dolaşıb...
Çöl işığı yandırım, yolun işıqlı olsun...
Doqquzu on beş keçir...
Danışdıq gələcəksən...
Sən dedin: - “Çalışaram...”
Mən dedim: - “Gözləyəcəm...”
Yəqin ki, çalışırsan...
Mən də ki, gözləyirəm...
Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,
Baxışlarım əzilib, zamanı “bizləməkdən...”
Onun da yarsı oldu...
Zaman sürəsi doldu...
Bundan sonra hər bir an, artıq, zamana yükdü...
Durum, eşiyə baxım...
İşıq sönməyib, barı...
Birdən qəfil gələrsən, gözün görməz kandarı...
On oldu, torba doldu...
On birdir, - gözləyirəm...
Çalışırsanmı, sən də...
On iki, bir, iki, üç...
Əlim gəlmir, söndürüm, bayırdakı işığı...
Dilimdə bitən budu: - “Xoş gəldin içəri keç...”
Dörd yoldaş sirdaş olub,
Belə qovuşduq sübhə...
Daha gələ bilməzsən,
Buna qalmadı şübhə...
İndi saat doqquzdur, hətta onu beş keçir...
Qulaq qapı zəngində, göz ilişib əqrəbə...
Dünya şən, zaman məzə...
Təkcə bizik qəribə...
Doqquzu on beş keçir...
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır...
Çalışırsan çatasan gecikmədən işinə...
Mən də durum, söndürüm, qoy bayırın işığın...
Çalar saatla oyaq, alım gözün acısın...
Zaman kimə istəyir qoy dişini qıcasın...
Artıq onun yarsıdır...
Əlim qopmur qələmdən...
İstəyirəm biləsən, bunlar hamısı deyil...
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm...
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm...
31.07.2017. BAKI. (09:40)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
=====================================================================================
ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim...
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim...
* * *
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...
* * *
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...
03.06.2010. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
=======================================================================================
BAYATILAR - بایاتیلار
Mən aşiq beləsinə,
Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.
----------------------------------------------------------------------------
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟
* * *
مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.
* * *
مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.
زائـــور اوستاج
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
========================================================================================
VƏTƏN OĞLU
Göylər də hönkürüb, ağladı bu gün,
Buludlar göz yaşın saxlaya bilmir....
Damından göz yaşı axıdan koma,
Kövrəlmiş ananı ovuda bilmir....
* * *
Hardasa, bir bala ata gözləyir,
Əlində bir Bayraq gələydi bu gün....
Müəllim istəyib stol üstünə,
Anası alaram, söyləyir hər gün....
* * *
Bir Ata istəyir oğlu bu gün də,
Həyətə tələsik girsin nə olar....
Arxaya baxmadan sürüb maşını,
Bütün gül-çiçəyi əzsin nə olar....
* * *
Elə bilirsən ki, bitər siyahı???
Dolabda islanıb bir cib dəsmalı....
Asılqan saxlamır çim su mundiri,
Havadan asılıb, bir ər sığalı....
* * *
Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var...
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar....
* * *
Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır....
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır....
* * *
Körpə uşaqlar da haçandı qəmgin,
Boylanır həyətə, ancaq görməyir....
Ana paltar ipin kəsibdi çoxdan,
Fəxrlə sərdiyin, daha sərməyir....
* * *
Göylər yas saxlayır, Yer qəribsəyib,
Təşnədir mərdlərin yeni nəşinə....
Torpaq əkənindir, əkən də bizik,
Göylərdə gəzənin Yer nə işinə....
* * *
Göylər bizə qahmar, Yer bizə mənzil,
Qəlbin dolanmasın, ey Vətən oğlu....
Nəsimi, Bəhmənyar gör nə vaxt olub???
Vətən də unutmur haqq tapan oğlu....
02.04.2017. Bakı. (14. 30. 1 0’)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.........
=====================================================================
QƏHƏTDİ
(Zahir qardaşa.)
Zahir qardaş deyir, dünya yamandı;
“Çobanın əlindən çomaq alandı”,
Bütün bunlar, bəhanədi, yalandı,
Çomağı bərk tutan, bilək qəhətdi....
* * *
Vaz keçməyə bir bəhanə gəzərik,
Zəif varsa, orda Ağa – Nəzərik,
Qüvvətlini təriflərik, bəzərik,
Qaməti şax tutan, ürək qəhətdi....
* * *
Ustacam, keçmişəm kip tərəcədən,
Söz gərək çıxmasın heç dərəcədən,
Çoban ibrət alsın, qoy Qaracadan,
Gözləri tox tutan, dilək qəhətdi....
13.03.2017. Bakı. (13.00. 13’)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
======================================================================================
ANA
...Anamın timsalında bütün analara....
Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, Ana!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, Ana!
* * *
Nə deyim, nə yazım yaraşsın sənə,
Qəlbimin arzusun danışsın sənə,
Elə bir söz yoxdu, canıma sinə,
Bir quru canınla cahansan, Ana!
* * *
Bir, şirin kəlməni eşidəydim kaş,
Kirpiyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, Ana!
* * *
Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, Ana!!!
28.08.1995. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
=======================================================================================
QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….
* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yer ver girək qoynuna….
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!
12.04.2016. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
AĞÇİÇƏYİM
Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
* * *
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
* * *
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!
06.05.2010. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
Yaradan göndərib, səni bir mələk,
Deyib, bu gül gərək, ancaq, gül üzə...
Ata sözü haqdı, bunu haqq bilək,
Ata nəsihəti, çalış, gül üzə...
***
Kaş dilin, dodağın daim bal süzə,
Abırın, ismətin üzə al düzə,
Min budaq, çox yaşa, ilmə sal yüzə,
Yolunda üzünə hər vaxt gül üzə...
***
Sözün şirin olsun, söhbətin məzə,
Qoyma, yanağından əksilə qəmzə,
Bu gözəl dünyanı bir az da bəzə,
Ustac əmanətin qoru, Gülüzə...
12.12.2016. Şamaxı.
Müəllif: Zaur Ustac
=========================================================================
TUNCAYA
Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdin, bağışladın ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!
10.10.2011. Bakı.
Müəllif: Zaur Ustac
===================================================================
DAĞLAR
Ruhuna min rəhmət dədə Ələsgər...
Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
De, çoxmu çəkərik zülüm-zilləti????
Movcud hal -vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!
07.05.1995. Marağa.
Müəllif: Zaur Ustac